26 Mart 2024

Böyütməyə ehtiyac yoxdur!

Nyutonun 3 cü qanununa görə hər hansı bir cism bir başqa cism ilə təmasda olduğu zaman onlar biri-birinin kütlələri nisbətində əks təsirə məruz qalacaqlar. Məsələn, velosipet sürməyə çalşarkən pedalları çevirdiyimizdə bizim pedalı çevirmə gücümüzə təkərin zincirləri, təkər və təkərin asfaltla sürtünmə qüvvəsi, əks istiqamətli külək v.s təsir edəcəkdir. Nümunəni sadələşdirmək üçün deyə bilərik ki, futbol oynadığımız zamanı topa zərbə vurarkən eyni zamanda top da bizim ayağımıza öz kütləsi nisbətində müqavimət, yəni əks təsir göstərmiş olacaqdır. Qanunu ümumiləşdirəcək olsaq - təbiətdə bütün varlıqlar öz kütlələri nisbətində əks təsirə məruzdurlar. 

Fizikadan bəhs etdikdən sonra, bu günkü mövzuya daha da aydınlıq gətirmək üçün Azərbaycan dili ilə davam etmək istəyirəm. Xatırlayırsınızsa orta məktəb təhsili aldığımız zaman sifətin dərəcələri ilə tanış olmuşduq (kiçiltmə, çoxaltma dərəcələri). Balaca sözündəki “ca” əksəriyyətimizin yanlış etdiyi nümunələrdəndir. Yəni, balaca sözündəki “ca” əslində kiçiltmə deyil, çoxaltma dərəcəsidir. Daha da aydınlıq gətirsək, bala sözünü daha da kiçiltmək məqsədi ilə ona “ca” şəkilçisi əlavə edilərək cismin balacalığı qabardılmış olur. Bir qədər qarışıq görünsə də, buradakı “ca” şəkilçisi bala sözünün şiddətini artırmaq üçün istifadə edildiyindən kiçiltmə deyil, çoxaltma dərəcəsinin şəkilçisi kimi qəbul edilir.

Bu yazının məzmunu ötən yazılardan biri olan “Qarşılıqsız fədakarlıq, ali insan” məqaləsinə bənzəyir və digər məqaləni də oxuduqdan sonra, düşünürəm ki, aradakı əlaqəni təsbit etmək çox vaxtınızı almayacaq. Artıq anladığınız kimi bu məqalədə yaxşılıq etmək, xoş əməl və qarşılıq gözləmək kimi nüanslardan bəhs etməyə çalışacağam.

2023-cü ildə Türkiyədə baş verən zəlzələ bütün Azərbaycan xalqını üzüntüyə salmış və qardaş ölkə olaraq zəlzələdən zərər görənlər üçün yardım kampaniyalarına başlanılmışdı. Baş verən zəlzələ zamanı Bakının bir sıra məntəqələrində yardım anbarları yaradılmış və həmin məntəqələrə axınlar o qədər çox olmuşdu ki, bir müddət sonra yardımların qəbulu müvəqqəti dayandırılmışdı. Öz gözlərimlə müşahidə etdiyim mənzərəni bacardıqca canlandırmağa çalşacağam. Bölgələrdən içi isti geyimlərlə, təmizlik vasitələri ilə və xarab olmayan ərzaqlarla dolu avtobuslar anbarların qarşısında tıxac yaratmışdı. Bakıdan və yaxın şəhərlərdən isə axının ardı-arası kəsilmirdi. Anbarlarda qəbul işləri könüllü Azərbaycan vətəndaşları tərəfindən sözün əsl mənasında “könüllü” həyata keçirilirdi. Gətirilən yardım vasitələri ciddi operativliklə çeşidlənmək üçün uyğun məntəqələrə paylanılırdı. Bağlanamı daşıyan, onu uyğun könüllüyə təhvil verən, çeşidləməni edən, karton qutuları açan və hətta “skoçu” açıb karton qutunun ağzını bərkidən şəxslər belə ayrılmışdı. Hər kəsin öz işi var idi və heç kim ağır və yüngül iş demədən işin gedişatına fokuslanmışdı. Belə də olmalı idi və birinci insanlıq adına, ikinci isə, qardaş ölkə olaraq bu bizim borcumuz idi.

Yəqin ki, Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım dediyimiz zaman sizin də ağlınıza köhnəlmiş, qırmızı, Vaz 2107 avtomobili, onun üzərindəki hündür yük və həmin avtomobilin məşhurlaşdırılmış sahibi gəlir. Bəli, o şəxs də hər kəs kimi insanCAsına iş görmüşdü. O da bir Azərbaycan vətandaşı olaraq öz borcunu yerinə yetirmişdi. Amma, o qəhrəman deyildi və onun etdiklərini bu qədər böyütməyə, onun insan olaraq etdiklərinin sonuna şəkilçilər qoşaraq yaxşılığı böyütmək istəyərkən yaxşılığı bu qədər ucuzlaşdırmağa ehtiyac yox idi. Həmin şəxsin qısa müddətdə bu qədər populyarlıq qazamnası sözün sonuna böyüdülmək məqsədi ilə artırılan, amma əslində onu kiçildən şəkilçidən başqa bir şey deyildi. Biz həmin şəxsin bu əməlini (hansı ki, onun kimi minlərlə insan var idi) böyütməklə əslində yaxşılığın nə qədər kiçildiyini göstəmiş olduq. Bəzi mülahisələr onun kasıb olması, bəzi fikirlər onun köhnə avtomobilə sahib olması üzərində cəmləndi. Bir insanın yardım əli uzatmasının onun imkanı ilə heç bir əlaqəsi yoxdur. Əgər həmin avtomobili günlər içində məşhurlaşdıran adamlar yardım vaxtı həmin məntəqələrdə yetəri qədər zaman keçirsəydilər görərdilər ki, vətəndaşlarımızın bəziləri nəinki avtomobil, hətta velosipetdə, belində yardım azuqəsi gətirib. Məsələnin digər tərəfi isə, əslində gözlə görülməyən yetərincə imkanlı və imkansız şəxslər var idi ki, həmin zaman zərər çəkmişlərə maddi yardım göstərməklə öz borcunu yerinə yetirmişdi. Düşünürəm ki, edilmiş yardım və onun edilmə şəklinin heç bir fərqi yoxdu və edilən yaxşılıqlar bu qədər şişirdilməməlidir. Şişirdilməməlidir ki, insanlar yaxşılığı qarşılıq, populyarlaşma üçün deyil, könüllü etmiş olsunlar. Uzun sözün qısası yenə də öz fikirlərimə əsaslanaraq bildirirəm ki, həmin qırmızı avtomobilin bu qədər məşhurlaşdırılması cəmiyyətimizdə insanlıq və yaxşılıqdan xəbərsiz olan xeyli insanın olduğunu göstərmiş oldu. Media həmin xəbəri paylaşaraq yaxşılığı bir qat ucuzlaşdırdısa, cəmiyyətimiz də həmin məlumata bir başqa heyranlıqla yanaşmaqla insanlığı bir neçə ton daha da kiçiltdi. Yəni, görünən odur ki, müasir cəmiyyət yaxşılığı o qədər həsəd aparır ki, normal insanlıq borcu bu qədər məşhrlaşdırılır və media alətinə çevrilir. Biz Azərbaycan mediası, xalqı olaraq həmin fəlakətdə insanlıq adına böyük işlər gördük, amma bu və bənzəri xəbərləri gündəm etməklə əslində yaxşılıq etməyin nə qədər nadirləşdiyini etiraf etmiş olduq. Bir başqa sözlə, həmin şəxsi böyütməyə çalışarkən, insanlığı kiçiltmiş olduq. Hər birimizə insanCA duyğular yaşamağı arzu edərək bu məqaləni yekunlaşdırıram. Nyuton qanunu və sifətin dərəcələri ilə, bu məqalənin arasındakı əlaqəni qurmağı yazılarımı daimi oxuyan, düşünən oxuyucularıma buraxıram.

Qarşımıza çıxan maneə nə qədər böyükdürsə onun bizdə buraxdığı əks təsir o qədər qalıcı olacaqdır. Laqeyidlik və qarşılıq güdərək yaxşılıq etmək böyüdükcə onun qarşılıqsız fədakarlığa etmiş olduğu əks təsiri o qədər ağır olacaqdır (Nyutonun 3 cü qanunu). Bu səbəbdən cəmiyyətin bəzi kütlələri nadir halda qarşılaşdıqları könüllü yaxşılıqları, daha sıx-sıx qarşılaşdıqları pislik üzərində qəbələ kimi dəyərləndirirlər. Zərrənin böyük əks təsir üzərindəki qələbəsi kimi.

Elgün Oruclu.

09 Mart 2024

Eybəcər xanım yoxdur, baxımsız xanım var

Bəzən olur ki, daha çox ödəmə edərək aldığımız əşyalarımıza daha həssas yanaşırıq. Məsələn, mobil telefondan bəhs etsək 2500 AZN və 500 AZN lik telefonları misal gətirə bilərik. Bunlar arasındakı qiymət fərqi təbii ki, onlar arasındakı keyfiyyətdən qaynaqlanır. Amma, sual ondan ibarətdir ki, həqiqətən də bu iki məhsul arasındakı keyfiyyət fərqi 2000 AZN qədərdir?

İlk cümlədə bəhs etdiyim kimi siz yəqin özünüzdə də müşahidə etmisiniz ki, çətinliklə əldə etdiyiniz şeylərə qarşı daha həssas davranır, onu bacardıqca qorumağa çalışırsınız. Bəli, bu həqiqətən belədir. Biz daha çətinliklə əldə etdiklərimizə qarşı daha qayğıkeş davranan canlılarıq.Çəkilmiş əziyyət qarşılığı gəlir əldə etdiyimiz üçün, 2500 AZN xərclədiyimiz mobil telefonu 500 AZN xərclədiyimizdən daha dəyərli görür və onu daha çox qorumağa çalışırıq. Bəs biz onu daha çox qoruduqca nə baş verir?


Nümunə üçün avtomobildən bəhs edə bilərik. Əksər vaxtlar “Lada” markalı avtomobillə avropa modeli avtomobillər müqayisə edilir. Bu gün şəhər yollarına nəzər saldıqda da eyni illərdə istehsal olunmuş bu iki model arasında keyfiyyət baxımından fərqi vizual olaraq görə bilərik. Məsələn, 2000-ci il “Lada” markalı avtomobillə “Mercedes” markalı avtomobilin xarici sazlıq vəziyyətinə baxdıqda fərq aydın şəkildə hiss olunur. Bir başqa sözlə, “Mercedes” markalı avtomobil ilkin istehsalındakı görünüşünü qoruyub saxlasa da, “Lada” markalı avtomobillərin əksəriyyəti daha köhnə görünür. Təbii ki, bu iki model arasında keyfiyyət fərqi var. Amma, düşünürəm ki, bu fərq əslində onların görünüşlərindəki qədər böyük deyil. Bəs o zaman nə üçün bu fərq bu qədər böyük görünür və ya “Lada” markalı avtomobil daha tez köhnəlir?

Sahib olduğumuza biçdiyimiz dəyər. Yuxarıda da haqqında danışdığım səbəb bu iki marka arasında keyfiyyət fərqini əslində olmuş olandan daha artıq göstərir. Məsələni daha sadə şəkildə izah etsək – “Mercedes” sahibi avtomobilində kiçik nasazlıq və ya vuruq olan kimi dərhal onu təmir etdirməyə çalışır. "Lada" markalı avtomobildə isə, əksər vaxtlar vəziyyət fərqlidir. Yəni, "Mercedes" sahibi öz avtomobilinə daha diqqətcil ikən, “Lada” sahibi onun təmir olunmasına o qədər də maraq göstərmir. Təbii ki, bunun ilk səbəbi onlardan birinin digərindən daha baha olmasıdır və bu amil baha olana daha çox diqqətcil olmağı təmin etmiş olur. Eyni zamanda bu iki marka arasında real keyfiyyət fərqi mövcuddur. Demək, ilk növbədə markalar arasında real keyfiyyət fərqinin olması, ikinci növbədə isə bizim o markalara yanaşma tərzimiz onlar arasında vizual görüntünü formalaşdırır. Əslində isə, “Mercedes”lə, “Lada” arasındadı əsl keyfiyyət fərqi onların hər ikisinə eyni diqqətin göstərilməsi zamanı ortaya çıxan fərqdir. Yekun olaraq deyə bilərik ki, bəzi şeylərin keyfiyyəti onun mövcud zaman dilimində necə köhnəlməsi ilə bərabər, həm də bu zaman ərzində ondan necə istifadə edilməsi ilə də ölçülməlidir. Düşünürəm ki, bu məqaləni bu kəlamla bitirmək yerinə düşəcək. “Eybəcər xanım yoxdur, baxımsız xanım var”.

Elgün Oruclu.

04 Mart 2024

Kompüter, insan və süni intellekt

Əksər vaxtlarda dövlət müəsissələrində, bəzən isə özəl müəsissələrdəki xidmət bölmələrində rast gəldiyimiz bir məqam var. “Kompüterin səhvidir, sistem xətasıdır”. Bəzi hallarda isə, bunun əksini eşitdiyimiz özünü müdafiə kəlimələri də olur. “Kompüter deyilik ki, insanıq. Biz də səhv edə bilərik”.

Kompüterləşmə dövrünün başlaması ilə, şühbə yoxdur ki, müəsissələr ciddi şəkildə zaman qənaəti etmişdir. Təbii ki, buna bütün qurumları daxil etmək olmaz. Hələ də, kompüterlərə inanmayıb öz hesabatlarını kağız üzərində aparan, ofis proqramlarına inamsız yanaşan şəxslər az deyil. Bəs necə olur ki, kompüter səhv edir? Düşünürəm ki, elə bu sualın cavabı nə üçün insan səhv edir sualının cavabındadır.

Nə üçün insan səhv edir?

Çox bilgi sahibi olmaq, səhv edə bilmək üçün səbəblərin çox olması deməkdir. Bir başqa sözlə, bəzən nə qədər az bilsək, hər hansı bir mövzu üzərində daha doğru qərar qəbul etməyimiz o qədər asan və keyfiyyətli olacaqdır. Çünki, günlük ətrafımızdan minlərlə informasiya qəbul edirik. Bu məlumatların bir hissəsi yaddaşımızdan silinsə də, bir hissəsi isə, şüuraltımızda yerləşib qalır. Şüuraltımıza yerləşmiş həmin məlumat bəzən həyatın elə bir mərhələsində özünü göstərir ki, verdiyimiz qərara özümüz təəccüb edirik. “Mən necə oldu ki, bu qərarı verdim. Lənət şeytana v.s”. Bu dəfə də kompüterləri deyil, şeytanı günahlandırmağa başlayırıq. Bəli, biz insanıq və bizim qərar verməmizə minlərlə faktor təsir edə bilər. Məsələn, dünən gecə yaşamış olduqlarımız, bu səhər eşitdiklərimiz, qəbul etdiyimiz qidalar v.s. Yəni, insan olaraq bizim yanlış etməyimiz normaldır, normal olmayan isə, ona verilmiş əmri qüsursuz icra etmək üçün yaradılmış kompüteri yanlışa təhrik etməyimizdir. Ya da yalandan günahlandırmağımız.

Bəs necə olur ki, kompüter yanlış edir?

Kompüter ona bir dəfə düzgün şəkildə verilmiş əmri sonsuzadək düzgün şəkildə icra etmək üçün insanlar tərəfindən yaradılmışdır. Baxmayaraq ki, onu yaradan da bizik, amma kompüter ona verilmiş bütün əmrləri öncədən ona tanıdılmış şərtlər daxilində yanılmadan edə bilir. Yəni, biz kompüterə yüz minlərlə şərt vermiş olsaq da belə, onun yaddaşında sonsuz informasiya olmuş olsa da belə, o yalnız ona verilmiş olan əmr və həmin əmr üçün ona öncədən tanıdılmış şərti görür. Bir başqa sözlə, kompüter üçün bir məsələnin həlli istənildikdə, o yalnız həmin zaman o məsələnin həlli qaydası üçün onun yaddaşına tanıdılmış yolu görür. Digər bütün yollar və informasiyalar passiv halda olur. Nəticədə insanla kompüter arasında yanılmaq və yanılmamaq kimi fərqlər burada üzə çıxır. Bəli, kompüterə bir əmrin icrası üçün verilmiş şərtlər öncədən doğru tanıdılacağı halda onun yanlış etmə ehtimalı demək olar ki, yoxdur. Fikri ümumiləşdirsək deyə bilərik ki, əgər kompüter yanlış edirsə, yenə də onun səbəbkarı elə “biz insanıq kompüter deyilik ki” deyən insandır.  Çünki, həmin insan hər hansı məlumatı sistemə daxil edən zaman yanlışa yol vermiş və nəticədə kompüteri yanlış yönləndirmişdir. Bunu yaxşı anlamalıyıq ki, kompüterin emosiyası, duyğuları v.s bənzəri hissləri olmadığından onun yanlış etmə ehtimalı yalnız ona məlumatı daxil edən tərəfin öhdəliyindədir. O zaman işimiz çətinə düşür ki, həmin məlumatları daxil edən adamın insani duyğuları onu yanıldır. Fikirli olmaq, yuxusuz olmaq v.s.

Bəs süni intellekt necə davranır?

Süni intellekt emosiya cəhətdən insanla kompüter arasında yer alan və qərar verərkən kompüterdən daha çox insan kimi davranmağa çalışan sistemdir. Yəni, süni intellekt qərar mərhələsində və ya hansısa sualı cavablandırarkən ən məntiqli olanına üstünlük verməyə çalışan sistemdir. Hazırki nümunələri ilə süni intellekt hətta bəzi nöqtələrdə ortaya insandan daha yaxşı nəticələr qoya bilir. Çünki, onun işləmə mexanizmi ən doğru qərarı bütün seçimləri nəzərdən keçirərək və emosiyalarını işə qatmayaraq ərsəyə gəlir. Yəni, o kompüterlərə insanlar tərəfindən doğru və yanlış şəkildə daxil edilmiş bütün seçimləri nəzərdən keçirir və son nəticəni məntiqə (intellekt) əsaslanaraq ortaya çıxarır. Təbii ki, bu məntiq də zamanla insanlar tərəfindən kompüter məlumat bazasına (internetdəki bütün məlumatlar) illərdir daxil edilmiş informasiyalar əsasında toplanılır. Bəs o zaman yenə də insan faktoru varsa süni intellektin də yanlış etmə ehtimalı yoxdur? Bəli, var amma çox azdır. Ən azından kompüter və insan qərarlarından daha faydalıdır. Çünki, o dərhal qərar verir və emosiyaları yoxdur. Ən əsası isə, əgər kompüterlərə daxil edilmiş bütün məlumatların böyük hissəsi yanlış olsaydı, o zaman bütün sistem yanlış işləmiş olar və illərdir kompüterlər (internet) bizim üçün faydalı olmazdı. Demək ki, blud adlandırdığımız internet sisteminin bazasında yetəri qədər düzgün məlumatlar var və süni intellekt bir işi icra edərkən onlar arasında müqahisə edərək ən düzgününü seçməyə çalışır. Yekun olaraq onu deyə bilərik ki, süni intellektin inkişaf etməsi “biz insanıq, kompüter deyilik” və “sistem xətasıdır, bizlik deyil” deyimlərini ortadan qaldıracaq kimi görünür.

Elgün Oruclu.

03 Mart 2024

Həyatımıza dolaylı təsirlər


Bəzən həyatın bütün mərhələlərində qərarlar bizim əlimizdədir kimi görünsə də, baş verən hər-hansı bir dəyişiklik idarəni tamamı ilə əlimizdən çıxara bilər. Bu, xüsusi ilə qloballaşma istiqamtində sürətlənmənin artdığı günümüz üçün səciyyəvidir. Bu yazıda həyatımıza birbaşa deyil, dolaylı yolla daxil olan müdaxilələrdən danışmağa çalışacağam. Hansı ki, bu müdaxiləni heç bir halda hiss etmir və ya səbəbləri analiz edrəkən ağlımıza belə gətirmirik. Söz etdiyim dolaylı müdaxilələri bəzi nümunələrlə əlaqələndirməyə çalışacağam. 

1.   Təhsil səviyyəsinin aşağı olması hava kirliliyini artırır. Təhsil səviyyəsinin aşağı olması və ya təhsilsiz insanların sayının normadan artıq olması ya da ki, insanlar üçün uyğun iş yerinin təminində ölkədə çatışmazlıqlar olduqda, onlar müvəqqəti gəlir əldə edəcəkləri böyük yatırım ehtiyacı yaratmayan sahələrə yönəlirlər. Məsələn, buna misal olaraq ölkəmizdə sürətlə çoxalan taksi biznesini göstərə bilərik. Taksilərin sayının həddən artıq olması isə, ilk növbədə rəqabəti artırır və qiyməti düşürür. Taksi sürücüsü isə, ona lazım olan gəliri əldə edtmək üçün daha çox sərnişin qəbul etməyə məcbur qalır. Qiymətlərin düşməsi isə, daha çox insanı ictimai nəqliyyatdan taksi istifadəsinə yönləndirir. Nəticədə, ölkədə ixtisaslaşmış kadr çatışmazlığı və ya təhsildəki yetərsizlik gəncləri peşə sahibi olmaqdan və ya hər hansı sahədə ixtisaslaşmaqdan taksi sürücüsü olmağa yönləndirir. Daha çox taksi istifadəsi isə, daha çox yanacaq istifadəsi və hava kirliliyinə yol açır.

2.  Nağdsız ödənişlərin artması kükürdə olan tələbi azaldır. Bildiyimiz kimi nağdsız ödənişlər hər birimizi bir sıra çətinliklərdən azad edib. Məsələn, növbə gözləmək, çirkli pula toxunmaq, pul itirmək, portmanat gəzdirmək v.s. Amma, nağdsız ödənişlərin artması eyni zamanda bazarlıq edərkən kassada qalan 1-5 qəpiklərin də aqibətinə aydınlıq gətirib. İllərdir kassada qalan qəpiklər üçün sizə kibrik təklif edildiyini unutmamısınız yəqin ki. Artıq bu halla daha az rastlaşırıq. Çünki, artıq nağdsız əməliyyatlarla 1-5 qəpik mübahisəsi ortadan qalxıb. Bu isə, öz növbəsində kassada ehtiyatda saxlanılan kibritə tələbi azaldıb. Kibritə tələbin azalması isə, kibritin istifadəsində istifadə olunan kükürdə ehtiyacı düşürüb. İlk baxışda biri-biri ilə əlaqəli görünməsə də, bu bir reallıqdır.

3.  Şəkil 1. Pandemiyadan sonra yeni həyat tərzinə keçidin demoqrafiq statistikaya təsiri. (Azərbaycan)

İnternet şəbəkələşməsinin artması evcil heyvanlara sevgini artırır. İnternetdən kütləvi istifadə insanlar arasında kommunikasiyanı artırsa da, real təmas demək olar ki, əvvəlki dövürlərdən daha aşağıdır. Bu özünü evlilik və ayrılmaların statistikasında da göstərir. Əvvəlkindən daha yalnız vəziyyətə gələn insanlar daha çox avropa mədəniyyətində rastlaşdığımız ev heyvanlarına sevgi ilə bunu kompensasiya etməyə çalışırlar. Nəticədə, internet aləmindəki sosiallaşma insanlar arasında hər nə qədər soyuqluq yaratsa da, bu evcil heyvanlar üçün düşərli olub deyə bilərik.

4.  Xidmət sektorunun inkişafı dırnaq boyası satışını artırır. Azərbaycanda son 5-6 ildə xidmət sektorundakı yüksəliş danılmazdır. Hər tərəfdə restoranlar, kofe shoplar və yeməkxanalar, meyhanələr diqqət çəkir. İnsanlara hazır yeməyin ödəniş qarşılığında təklif olunması bütün dünyada olduğu kimi bizdə də rəğbətlə qarşılanır. Xüsusi ilə xanımları evdə kartof soymaq, soğan doğramaq və göyərti təmizləməkdən azad edən bu məşğuliyyət onlara dırnaqlarını davamlı formada saxlamasına imkan verir. Nəticədə dırnaq qulluğu artdıqca dırnaq boyasına da tələb yüksəlmişdir.

5.  Pozanın icad olunması insanların ömrünü uzadıb. Səhvlərin silinməsi və ya bağışlanması gözəl hissdir. Ağacların tələf olunmasının azalması da ən az onun qədər müsbət haldır. Pozanın icad olunması əllə yazı yazılarkən edilmiş hər hansı bir səhvdən dolayı bütün bir vərəqin atılmasının qarşısını almışdır. Nəticədə dünya üzərində xeyli miqdarda vərəq qənaəti edilir və bu meşələrin daha az tələf olmasına gətirib çıxarır. Daha çox yaşıllıq isə, insan ömrü üçün vacib olduğundan deyə bilərik ki, pozanın icadı az da olsa daha uzun yaşamağımıza səbə olur.

6.   Dini bayramlar bölgələri inkişaf etdirir. Bildiyimiz kimi, kafe, restoran və xüsusi ilə də şadlıq sarayları sektorunda “ofsiant” kimi işləyənlərin əksəriyyəti az təminatlı şəxslər və ya tələbələrdir. Dini bayramlar zamanı bu sektorda durğunluğun yaşanması qaçılmazdır. Məsələn, ramazan ayı müddətində bu sektorda ciddi durğunluq müşahidə olunur. Nəticədə gəlirsiz qalan az təminatlı şəxslər və ya tələbələr həyatın daha bahalı olduğu Bakıdan doğma bölgələrinə üz tutrlar. Sonradan onları bir hissəsi geri qayıtsa da, bir qismi isə geri dönməyə bilirlər. Bu prosesin özü bölgələrə kütləvi geridönüşlərin olduğu həmin ayda bölkələrdə hiss olunmağa başlayır. Həmin şəxslər bölgədə hansısa əkinlə məşğul olur və ya bir iş qurmağa çalışır, ya da bölgədəki marketdən alış-veriş etdiyi üçün oradakı sahibkara qazanc verir.

7.   Mafia filmləri kişilərin daha az güzgüyə baxmasına səbəb olur. Son 15 ilin trendlərindən olan mafia filimlərini yəqin ki, hər biriniz xatırlayırsınız. Bu tərz filimlərdə rəğbət göstərilən xarakterlər təbliğ olunduğundan, xüsusi ilə gənc oğlanların bu tərz filimlərdən təsirə düşmə faizi olduqca yüksəkdir. Mafia filmlərində adətən qara, səliqəli geyimlər və üzün saqqallı olması demək olar ki, şablonlaşmış görüntüdür. Nəticədə bu filmlərin təsiri altında saqqal saxlamaq kütləvi hal almağa başlayır. Kişilərin bir hissəsinin güzgü qarşısına adətən təraş olunmaq üçün keçdiyini nəzərə aldıqda yəqin ki, yuxarıdakı başlıqla siz də razılaşmış olursunuz.

Qeyd edilmiş bu dolaylı və heç ağlımıza gəlməyəcək təsirlərin sayını yetəri qədər uzatmaq mümkündür. Əsas odur ki, hansı təsirə məruz qaldığımızdan xəbərimiz olsun.

Elgün Oruclu.

 
biz.