Bir
gün içində sadə Bakı şəhəri sakini nə edə bilər? Bu sual ətrafında düşündüklərimi
öz düşüncələrimə əsasən yazmağa çalışacağam. Hansı ki, mövzu bir müddətdir məni
düşündürür və bəzi simptonları da özümdə müşahidə etdikdən sonra bu səhifədə
qeyd edilən müzakirəyə yer vermək istədim.
Səhər 07:00-da yuxudan duraraq
10-15 dəqiqəlik fiziki hərəkətlər edərək özümüzü günə gümrah hazırlaya bilərik.
Bu hərəkətləri edərkən youtube-dən asanlıqla faydalanmaq mümkündür. Yaxşı olar
ki, səhər duran kimi “ağıllı telefona” əlimiz getməməsi adına hərəkətləri dünən
gecədən əzbərləmiş və bizə motivasya verəcək mahnını isə “music player” dən
qoşmuş olaq. Yani, “no wifi”.
Fiziki hərəkətlərdən sonra
yüngül duş qəbul edib, özümüz üçün ən sevdiyimiz səhər yeməklərindən birini
hazırlamağa çalışırıq. Youtube-dən bir neçəsini öncəki günlərdən test edərək
öyrənə bilmişik. Hələ də “no wifi” davam edirik. Növbəti addım isə, dünən
axşamdan ütüləmiş olduğumuz iş geyimlərimizi geyinmək və güzgü qarşısına keçərək
özünüzün gözəl və ya yaraşıqlı görünməyi ilə öyünməkdir. Mütləq özünüzü buna
razı salmağa çalışın və geyiminizin, saçınızın, üzərinizdəki ətrin və
ayaqqabınızdakı boyanın qaydasında olması sizi özünüzə qaytaracaq. Buradakı əsas
məqsəd günə əksiksiz olaraq başlamağı qəbul etməkdir. Yəni, əgər hər hansı
birimiz ətirdən istifadə etmiriksə bu o demək deyil ki, onun günə tam əhvalla
başlaması mümkün deyil. Əgər üzərinizdən qoxu gəlməsi və ya ütülənmiş rəsmi
geyimlər sizi narahat edirsə, o zaman sizi rahat hiss etdirəni edin. Qəti surətdə
liftə minərkən bir başqasından ətir qoxusu gəlməsi sizdə özünü müqayisə nöqtəsinə
gətirməsin. Bu arada evdən çıxarkən gülü sulamağı (wifini söndürməyə ehtiyac
yoxdur, çünki, heç onu qoşmamışdın da) və hündür mərtəbəli binadan pilləkənlərlə
düşməyi yoxlamaqda fayda var. Hə, bir də “music playeri” götürməyi unutmayın. Ümid
edirəm “play list”inizdə öncədən yüklədiyiniz xoş əhval yayan, gözəllikdən
danışan sənət əsərləri yer alır. Qoxu mövzusu ilə davam edirik. Binanın
blokundan çölə (sonsuz müxtəlifliyin olduğu həyət) ilk addımı atdığımız zaman o
qoxunu almağa çalışaq. Qışdır, payız və bəlkə də yaz. Amma, hər birinin qoxusu
var. Sənə verilənləri dərk etmək üçün onun gözəlliklərindən acgözcəsinə
yararlanmağa çalış. Həyətdə səni avtomobil gözləyir və ya abtobus dayanacağına
tələsirsən. Çalış ki, öz avtomobilində radionu dərhal işə salma, çünki, əsasən
qə*l, xəya*ət, oğu*luq v.s eşidəcəksən. Lazım deyil. “Allah uzaq eləsin”
dediyimiz hadisələrin bu qədər yaxınımıza gəlib çatnmasına gərək yoxdur. Söndürün
ümumiyyətlə onu! Onlar sizin “play litsi” əvəz edə bilməyəcəklər. Əgər taksi ilə
hərəkət edirsinizsə çəkinmədən söndürməsini xahiş edin. Bəlkə də avtobusdayıq və
yaşlılar gələrkən ayağa qalxıb-qalxmayacağımıza qəti qərar verərək, əyləşib-əyləşməyəcəyimizi
dünən axşamdan yəqinləşdirmişik. Amma, hər iki seçim bizi avtobusun pəncərəsindən
baxmağa əngəl deyil. Doyunca ətrafı izləyin. Telefonun interneti hələ də
bağlıdır. Çünki, dünyanın hər hansı nöqtəsində olan birinin sənin əhvalını
pozmağa gücü çatmaz. Buna icazə verməyin. Amma, avtobusda sıxlıqdırsa keçmək
istəyənlərə icazə verin. Kobud olanlara gülümsəyin və empatiya göstərin. Çünki,
onlar dünən gecə sizin verdiyiniz qərarları verməyiblər və onlar səhər tezdən və
ya bütün gecə wifi-nin gərginləşdirici şüalarına, insanların informasiyalarına
məruz qalmış ola bilərlər. Avtomobilinizi başqalarına əngəl olmayacaq şəkildə
park edin və ya sürücüdən sizi ən uyğun yerdə düşürməsini istəyin. Maşını iş
yerinizdən uzaqda park etməli olduğunuz üçün əlavə yerimə şansınız yaranmışdır
demək. Demək ki, günlük olaraq özünüz üçün qoyduğunuz 10.000 addım limitinə bir
qədər də yaxınlaşacaqsınız. İş yerinin girişində “reception” xanımın uzun
dırnaqlarının dünən gecədən sonra sizə heç bir dəxli yoxdur. Sizin uzun
dırnaqlarınızı isə, bu gün fiziki hərəkətlər edərkən sizə əngəl olacağınızı
bildiyiniz üçün dünən gecədən kəsmisiniz. Gecə dırnaq kəsməzlər batil inancına
inanmayıb həyatı real inanclarla yaşamağa başlamaq və səhər yuxudan durandan “reception”
xanımla qarşılaşanadək olan bütün seçiminiz inancınızı necə də tamamlayır. Bu arada
bu günün sonundan etibarən gecə sözünü axşam sözü əvəzləməyə başlayacağı üçün sən
bir az da daha şanslısan. Lifti deyil, pilləkənləri seçdiyin üçün sənə afərin.
Eləcə də, pilləkənlərdə telefonun internetini açmadığın üçün də. Ümid edirəm
sevdiyin işlə məşğul olursan. Əgər elə deyilsə ya onu sevməyə başla, ya da ən
qısa zamanda əməkhaqqını belə nəzərə almadan yeni iş axtar. Çünki, sən artıq
internet paketindəki həddən artıq xərcdən, başqaları nə deyər xətrinə istifadə
etdiyin ətirdən, basırıq olmasın deyə seçdiyin taksidən, işə gələrkən aldığın
şirniyyatdan və başqa (hekayənin davamında görəcəksən) xərcli vərdişlərindən
uzaqlaşmısan. Amma, unutma ki, daha az maaşla sevdiyin işə başlamaq o anlama gəlməməlidir
ki, bu hər zaman belə qalacaq. O işi öyrənib, uğurlu olmağa və əməkhaqqını yüksəltməyə
hər zaman maraqlı ol, yəni özünü sev!
İş yoldaşlarına etdiklərinlə bağlı danışmağa dəyər amma, məcbur etmədiyin üçün onlar da, sən də şanslısan. Onların işdəki narazılıqlarını isə, eşitməyə dəyməz. Sözlərini etik şəkildə kəs və onları beynimizdə yaratdıqlarımızı yaşadığımız düşüncəsinə inandırmağa çalış. Sən bu mövzuları bilirsən artıq. Çünki, sən bir qərar vermisən və yalnız məntiqi isbatı olan qərarlar uzun müddət tətbiq olunur. Nahar fasiləsində pizza, lahmacun yemədiyin üçün günlük 10.000 addımı vurmağa daha da həvəsli olacağını unutma. Sən tamamı ilə dəyişirsən dostum. İşdə operativ olmaq və insanların sənlə əlaqə yarada bilməsi üçün “ağılsız” (o birilərinə ağıllı deyiriksə bu da o zaman ağılsız olmalıdır yəqinki) telefondan istifadə etməyə çalış. Nahar fasiləsində telefonun internetini açaraq ən vacib olanları cavablandır. Sosial medyaları dünən gecədən sildiyin üçün daha az mesaj gəlməsi yəqin ki, verdiyin sözü tutduğun üçün özünə olan dəyərini artırmış oldu. Bir iş günü sosial medya, dedi-qodu, göstəriş v.s olmadan bitti. İşdən sonra real həyat dəyərləri olan dostun və ya sevgilinlə görüşmək səni daha da dəyərli hiss etdirəcəkdir. "Cofe shop"da görüşmək və dadını çıxarmaqdan çox şəkil çəkdirməyə fokuslandığın məkanlar artıq həyatın əvvəlki səhifələrində qalıb. Tıxacda deyinə-deyinə deyil, tıxacsız ərazilərdə hərəkət etdiyin üçün həyat sənin həyatın olduğunu hiss et. Avtomobildən endin, pilləkənlə qalxdın, qapını açdın. Otağındakı gülə salam verməyi unutma. O sənin gəlişini dəqiqələr öncə hiss edib (https://www.youtube.com/watch?v=LQGCu1cbUKY) və illərdir birlikdə yaşayırsınız. Bu gün özünü mükafatlandırmalısan. Ən sevdiyin yeməyi bişirərək və hər gün bahalı restoranlara gəlirinin böyük hissəsini xərcləməyərək. Qənaət etdiyin pulları sevdiyin yerlərə, aksesuara, tətilə xərcləməyə çəkinmədiyin üçün özünü dəyərli hiss et. Evə gələrkən yuxu dərmanı almadığın üçün də özünü xoşbəxt insan kimi hiss edəcəksən. Gecə olmasa da, gecən xeyrə! “no wifi”.
Yadplantelinin müsahibəsi
İnsanlar onlara verilmiş
sonsuz seçimlər içərisindən adətən bir neçəsini seçir, digərləri isə demək olar
ki, istifadəsiz olaraq qalır. Müşahidə etdiyim bunu deməyə əsas verir ki, bir
sadə insanın günlük həyat rutini bu şəkildə başlayır və bitir.
Səhər işə gecikəcək saatda oyanır və ilk olaraq telefondakı bildirişləri kontrol edir. Bu hardasa 10-15 dəqiqə çəkir. Daha sonra təəccüb, təəssüf, düşüncəli və ya aqressiv şəkildə mobil telefonu bir kənara ataraq yuyunmağa keçirlər. Ən qısa çəkən hissə səhər yeməyidir. Dünən işdən gələrkən alınmış şor qoğalı və ya paketlənmiş şirniyyatlarla gecədən qalan çayı içib yenə mobil telefona baxırlar. Sonra bir azdan işə gecikdiyi üçün stress keçirəcəyini bilə-bilə kimləsə yazışır və ya səhifələri gəzirlər. Əksəriyyətinin qarşısına geyim və yeməklə bağlı reklamlar çıxır və əksəriyyət həmin reklamlara baxmırlar. Amma, daha sonra necə olursa onlar o reklamda göstəriləni ya kiməsə tövsiyyə edir ya da özü seçim edərkən həmin məhsulu alır. Dünən gecə telefonla məşğul olarkən qismən ütülənmiş paltarını geyinir və güzgü qarşısına keçirlər. Əsasən müşahidə olunan odur ki, güzgü qarşısında şəkil çəkilir. Daha sonra güzgüdə özlərinə bir daha nəzər yetirir və üzgün mimika ilə evdən çıxırlar. Yaxında olan liftə minəcəyini bilə-bilə binanın hər iki liftinin düyməsini basır və öncdən seçdiyinə minirlər. Liftdə tək olduqları zaman əsasən yenə şəkil çəkirlər və liftdə olduqları müddətdə mobil internetdən istifadə edə bilmədikləri üçün stressləndikləri hiss olunur. Binanın həyətinə çıxan kimi yenə də telefona sarılıb taksi sifariş edirlər. 20 metr uzaqda gözləyən taksi sürücüsü onu tapanadək onunla yazışırlar və bir daha stress yaşayaraq taksiyə minirlər. Taksidə ya bəd xəbər səslənir, ya qəmli mahnı ya da ağır dini mövzular. Taksi sürücüsü ilə mütləq həmsöhbət və həmfikir olurlar. Mövzu isə adətən dövlət, millət, mentalitet, cavanlar, maddi imkansızlıq və ya tıxac olur. Taksi düz iş yerinin qapsınadək sürülür və bu davranış ona verilmiş artıq 50 qəpiklə konpensasiya olunmuş hiss edilir. Qadın sərnişinlər adətən yol boyu susur və hiss edilir ki, sürücünün davranışlarından ehtiyat edir. Yol boyu isə, başını qaldırmır və mobil internetin verdiyi imkanlardan yararlanırlar. Qadın sərnişinlər adətən düşərkən təşəkkür etmir (səmimiyyətin yanlış anlaşılmasından qorxduqları üçün) və qapını möhkəm çırpırlar (səbəbi bəlli deyil). Sürücülər isə adətən buna aqressiv reaksiya verir və avtomobili yerindən acıqla tərpədilər. Reseptiondakı xanım yenə ordadı və demək olar ki, onların hər biri, biri-birinə bənzəyir. Soyuq salam verilərək yenə hər iki liftin düyməsi basılır və öncədən müəyyən edilmişə minilir. Mobil internet getməsin deyə adətən mesajı yazıb daha sonra düyməni basırlar. İnternet kəsilir və yenə stress yüklənir. Oğlan sərnişin iş yoldaşlarına sürücünün boş-boş danışmağından, xanım sərnişin isə, sürücünün kobud olmasından şikayət edir. Yenə də dinləyənlər həmsöhbət və həmfikir olurlar. Sonra tünd kofe içilir və naharadək sosial medya bildirişləri həmin insanları gah sevindirir, gah güldürür, gah da stressə salır. Naharda pizza sifariş edilir və pizzanın qutusu xadimə gələnədək masanın üzərində qalır. Sonra saatın necə gəlib-getdiyini bilməyən insan adətən “bu həftə necə tez keçdi. Ay dünən girmişdi. Maaş vaxtı gəlsəydi krediti ödəyib canımı qurtarardım deyirlər”. Sonra işdən çıxıb yenidən taksi gözləyirlər və gözləyərkən stress həddi artır. Günün sonu olduğu üçün sərnişin də, sürücü də daha aqressivdir. 90% eyni mövzular danışılır. Təyinat nöqtəsi ya hansısa "cofe shop", ya restoran, ya da hansısa mall olur adətən. 10-11 arası evə qayıdırlar və içmiş olduqları kofenin verdiyi doyum hissi və internetdə vaxt keçirmək istəyi ilə gecə yemək hazırlamaqdan boyun qaçırırlar. Yenə də müxtəlif məzmunda məlumatlar alaraq gözləri şişmiş halda yatağa keçirlər. Wifi-ni söndürməmək şərti ilə yuxuya getməyə çalışırlar. Əksər hallarda bir neçə dəfə telefonun səsinə oyanıb yenidən yatırlar. Xülasə edilsə, insan gündəlik olaraq minlərlə seçimi olmasına baxmayaraq əsasən internetdə vaxt keçirmək, səhər paketlənmiş şirniyyatlarla yüngül qidalanmaq, taksi gözləmək, kimisə qınamaq, şikayət etmək, əməkhaqqı aldığı iş yerini sevmədiyi üçün tənqid etmək, fast food sifariş etmək, işdən sonra taksi gözləmək, taksi ilə müxtəlif məkanlara getmək, orada gün boyu olanları onun sözünü bitirməsini maraqla gözləyən tanışına danışmaq və qarşı tərəfdən də eyni danışıqları eşitmək, ruhdan düşmüş halda evə gəlmək və özünü dəyərsiz hiss edərək yatmağa çalışmaqla vaxt keçirirlər. Yəni, müasir insan artıq qarışıq insan deyil, 80% insanın hansı seçimləri edəcəyini öncədən təsbit etmək mümkün kimi görünür. Çünki, gəzmək, fiziki məşğuliyyət, kitab oxumaq, rəsm çəkmək, hansısa sənətə maraq salmaq, yeni real insanlarla tanış olmaq, oyunlar oynamaq v.s kimi seçimlər ancaq 20% insanlarda müşahidə edilir. Müasir insan olmaq sıxıcıdır.
Ümid edirəm bu yazı sizi müsbətə
kökləyər və mövzuya yaxşı tərəfdən baxmağa çalışarsınız. İnternetdən istifadə tənqid
olunmalı məsələ deyil, internetdən aslılıq isə bizə verilən real dünyanı
yaşamağa icazə vermir.
Elgün Oruclu

0 comments:
Yorum Gönder