08 Şubat 2024

Qarşılıqsız fədakarlıq, ali insan

Biri-birilərinə qarşı anlayışlı olmağın zəmanə, elm, ailə v.s kimi faktorlarla nə qədər əlaqəsi olsa da bu sadaladıqlarımın əsas faktor olduğu düşüncəsində deyiləm. Doğrudur ki, zəmanəmizdə əvvəlki illərdən fərqli olaraq bir qədər insan münasibətlərində soyuqluq və ya tənhalaşma artıb. Amma, bu o mənaya gəlməməlidir ki, insanlar dostluğa 30 il bundan öncəkinə görə daha az önəm verirlər. Qarşılıqlı münasibət, xoş biri ilə həmsöhbət olmaq kimi faktorlar hər zaman öncəlik daşımışdır. Sadəcə hazırki dövrdə insanların tanıdığı və ya tanımadığı biri ilə münasibət qurması (dost, sevgi, həmkar v.s) əvvəlki dövrlədən bir neçə dəfə sürətlənmişdir. Yəqin ki, yeni biri ilə tanış olmaq və öncədən tanış olduğumuz birini qısa zamanda həyatımızdan çıxarmaq alternativlərin çoxluğundan dolayı artış göstəmişdir. Yəni, mövcud informasiya asanlığı insanlara biri-biri üçün darıxmağa imkan vermir. Elə bu səbəbdəndir ki, dostlarımıza, sinif yoldaşlarımıza, iş yoldaşlarımıza, sevgilimizə əvvəlki kimi anlayışla yanaşmadığımız sezilir. Bu paraqrafı yekunlaşdıracaq olsam deyə bilərəm ki, qadınlar da, kişilər də elə əvvəlki kimidir, sadəcə olaraq onların özü olmaları üçün zamanları qalmayıb, özümüzü itirmişik.


Dünyadakı insanların bir çoxu başqalarına yaxşılıq edərək xoşbəxt ola bildiklərini bildirirlər. Bu minillər boyu insan geni ilə ötürülmüş instikdir və fədakarlıq etmək hər zaman rəğbət görülən hiss olduğundan “şükürlər olsun ki” günümüzə qədər gəlib çata bilmişdir. Öz xoşunla başqalarına yaxşılıq ali davranışlardandır ki, hər iki tərəfə həqiqi xoşbəxtlik yükləmiş olur. Bəli, insan olaraq yaradılışımızda özümüzü düşünmək hər birimiz üçün önəmli faktordur. Məsələn, dostumuzu qorumağa çalışırıq, çünki, o bizim dostumuzdur və onu qorumaqla biz özümüzün dəyər verdiyimiz birini qorumuş oluruq. Onun yaxşı olması bizi sevindirir. Yəni, dostumuzu qorumaq dolaylı olaraq bizi sevindirdiyi üçün onu mühafizə etməyə çalışırıq. Uzun sözün qısası, yenə də özümüzü düşünürük. Bunun yanlış olduğunu isə düşünmürəm. Çünki, bütün fəaliyyətlərin altında sevgi (yekunu xoş nəticəyə bağlamaq) yatır. O səbəblə də, ətrafımızda nə qədər sevdiyimiz insanların sayını artırsaq, yaxşılıq edərək xoşbəxt olduğumuz əməllərimizin də sayını o qədər artırmış olarıq. Sevdiklərinizə dəyər verin, onlar sizin xoşbəxt olma səbəblərinizdir.

İlk iki paraqrafı nəticə əsaslı birləşdirsək görərik ki, son 10 ildə informasiya alış-verişindəki sürətlənmə və həyatımıza daxil olan insan sayısındakı artış dost (və ya dəyər verdiyimiz) adlandıra biləcəyimiz insanların sayını artırmamış, əksinə bəzən gərəksiz insanlarla münasibətdə olduğumuzdan dost adlandırdığımız adamlardan da uzaqlaşmaq qərarları almış oluruq. Çünki, bir sıra yeni adamlar tanımağımız və informasiya bolluğu bizi onlar üçün darıxdırmadığından bəzən köhnə tanışlardan uzaqlaşmış, yenilərinə meyillənmişik. Yenilər də bir gün gəldiyi kimi getdiyindən (çünki onlarda da eyni hal yaşanır. Bu hər hal üçün keçərli deyil) həqiqi dəyər biçdiyimiz adamları tapmaqda çətinlik çəkməyə başlayırıq. Nəticədə ikinci paraqrafda bəhs olunan dəyər verdiyimiz birinə yaxşılıq etmək istəyi suya düşmüş olur. Çünki, artıq yaxşılıq edərək xoşbəxt olacağımız adamlar qalmayıb həyatımızda. Onları həyatımızdan biz özümüz çıxarmışıq. Bu o demək deyil ki, artıq yaxşılıq etmirik. Yenə də ola bilsin ki, yeni tanış olduğumuz insanlara yaxşı davranır və fədakarlıqlar edirik. Amma, bu fədakarlıq nəticəsində əldə etdiyimiz daxili rahatlıq, xoşbəxtlik, dəyər biçdiyimiz (uzun müddətdir tanıdığımız və sevdiyimiz) biri üçün etdiyimiz fədakarlıqdan aldığımız faydadan daha az olacaqdır. Eyni zamanda fədakarlıq edib-etməyəcəyimizə tam qərar vermədiyimiz biri üçün etdiyimiz fədakarlıq bizə qısa müddətli xoşbəxtlik gətirəcəkdir. Çünki, bu bizə əslində ürəkdən gələn yaxşılıq etmənin xoşbəxtliyini deyil, təqlid edilmiş yaxşılıq etmənin süni xoşbəxtliyini verəcəkdir. Hansı ki, özümüzü buna məcbur etdiyimiz üçün bir müddət sonra peşman da ola biləcəyik. (nümunə olaraq birinin doğum gününü nisbətən ürəksiz təbrik etməyinizi və ya sevgililər günündə sevmədiyiniz amma, sevgili olduğunuz birinə hədiyyə almağınızı xatırlayın). Bu proses birinci növbədə yaxşılıq etməyi gözümüzdə ucuzlaşdıracaq və əvvəlki həzzi vermədiyi üçün bəlkə də bunu təkrar yaşamağa meyilli olmayacağıq. İkinci növbədə isə, fədakarlıq edərək xoşbəxt olmadığımızdan insan geninin instikdində qalan “orjinal xoşbəxtlik” hissini yaşamamış olacağıq. Yəni, həyatımıza sürətli informasiya daxil olması, aramızda dəyər bağları olmayan yeni insanların ətrafımızda çoxalması,  bizi həm uzun müddətdə yalnızlaşdıraraq, həm də əsl fədakarlıq xoşbəxtliyini vermədiyi üçün ruhdan sala bilər və özümüzə özümüzü dəyərsiz görmə anlamı yükləyə biləcəkdir.

Bəs qarşılıqsız fədakarlıq nədir?

Fədakarlıq bir fürsət kimi dəyərləndirilməli və etmiş olduğumuz xoş əməldə qarşı tərəfə sizə bu fürsəti verdiyi üçün minnətdar olmalısınız. Bir başqa sözlə, etmiş olduğumuz xoş əməldən qarşılıq güdməməli, prosesə fürsət kimi baxmalıyıq. Eyni ilə gözünüzün önündə uşaqlıqda oynadığımız video oyunları canlandıra bilərsiniz. Hansı ki, oyunun müxtəlif mərhələlərində ballar (xal) var və siz mərhələni uğurla tamamladıqca ballar toplayırsınız. Əgər uşaqlıqda bu oyunlardan oynanamış və ya xəyali yaradıcılıq gücünüz yetərli deyilsə və yaxud da film izləməyə vaxtınız varsa o zaman sizə “The Good Place” serialını izləməyi tövsiyə edə bilərəm.

Düşünürəm ki, qarşılıqsız fədakarlıq etmək (əslində heç bir halda qarşılıqsız etmirik. Sadəcə olaraq əvəzini yaxşılıq etdiyimiz birindən gözləmədiyimiz halı nəzərdə tuturam) insan davranışları içində ən ali qərarlardandır. Heç bir qarşılıq güdmədən bizdən fədakarlıq gözləyənləri çətinlikdən qurtarmağa çalışmaq insan ruhunun təmizlənmiş və ali zirvəyə çatmış forması adlandırıla bilər. Düşünün ki, valideyn belə öz övladını qorumağa çalışarkən müəyyən mənada özünü düşünmüş olur (digər hallardan fərqli olaraq valideyin tam olaraq özünü düşünmür. Çünki, ortada bir bağ var ki, o bağ onu qeyri-ixtiyari övladına sahib çıxmaq üçün məcbur edir). Valideyn övlad arasındakı genetik bağlılığı nəzərə almasaq, o belə öz övladını o onun qanını daşıdığı üçün mühafizə etməyə çalışır. Məsələn, övladını itirmiş birinə illər sonra bu sənin övladındır deyib onları tanışdırsaq nə olacağını yəqin ki, hər birimiz bilirik. İlk növbədə genetik analiz ediləcək və həmin şəxs əmin olduqdan sonra onu övladı kimi sevməyə başlayacaq və bu mərhələdən sonra ona fədakarlıqlar etməyə hazır olacaqdır. Çünki, o onun qanını daşıyır. Bu misalı verməkdə məqsədim əslində səbəbsiz fədakarlığın nə qədər ali davranış olduğunu göstərməyə çalışmağımdır. Qarşılıqsız fədakarlıq etmədiyiniz üçün isə özünüzü qınamağa dəyməz. Əsas odur ki, ilk addımı atmağa hazır olaq, əsas odur ki, niyyətimizdə bir başqasına fədakarlıq edərək xoşbəxt olmağımız olsun. Önəmli olan xoş əməllər etməyi təbliğ etmək, səni incidəni incitməməyə çalışmaqdır. (bu haqqınızın tapdanmasına göz yumun anlamına gəlməməlidir) Həyat paylaşdıqca gözəldir, sevgi isə paylaşdıqca artar. İşə özünüzü sevməklə başlayın, çünki özünü sevməyən başqasına xoş rəftar etməyi bacarmaz.


Elgün Oruclu


Elgun Oruclu

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Yorum Gönder

 
biz.