Məlum məsələdir ki, universitet təhsili biznes
bazarının tələb etdiyi real namizədi yetişdirməkdə yetərli deyil. Başqa tərzdə
desək, universitetlər real iş mühitinin inkişafına ayaq uydurmaqda çətinlik çəkir,
bəzən maraq göstərməməklə bərabər, bəzi zamanlarda isə, ümumiyyətlə bu
uyğunsuzluqdan məlumatları yoxdur. Eyni zamanda bunu inkar edə bilmərik ki,
dünyanın bəzi təhsil müəssisələri bu tələbi artıqlaması ilə qarşılayırlar.
Amma, reallıq burasındadır ki, həmin universitetləri əksəriyyəti ya araşdırma
universitetləridir ya da onlar artıq real biznes mühitini dəyişdirməyi ənənəyə
çeviriblər. Yəni, inkar etmək olmaz ki, dünyanın bəzi təhsil müəssisələri gələcəyin
trendini özləri yaradaraq tələbi öncədən müəyyən etməyi bacarırlar. Amma,
bununla iş yekunlaşmır. Yəni, işçinin təcrübəli və ya bilikli olması onun
axtardığımız əməkdaş olduğu anlamına gəlməməlidir.
Bəs o zaman nəyə diqqət etməliyik? Diqqətinizə çatdırım ki, burada paylaşdıqlarım şəxsi təcrübəmə əsaslanır və bu yaxşı əməkdaşı seçmək üçün gərəkli olan yolun sadəcə bir neçəsidir.
1.
Liftin
hər ikisini çağıran işçini seçməməliyik. Müəssisəmizdə fəaliyyətin uğurlu olmasının ən önəmli faktorlarından
biri sistemin özü-özlüyündə çalışmasıdır. Yəni, işi mənimsəmiş işçi artıq
atacağı bütün addımları bilməli və heç bir kənar müdaxilə olmadan vicdanlı
davranmalıdır. Bir başqa deyimlə, özü-özü ilə qaldıqda “bəşəri ədalət” adına
davranan işçilərə önəm verilməlidir. Bəs biz işçinin özü-özü ilə qalma zamanı
necə davrandığını hansı şəkildə müşahidə edə bilərik. İlk növbədə işçinin
günlük rutinləşmiş davranışlarındakı “ədalətlilik prinsiplərinə” diqqət
yetirin. Yəni, bir növü işçinizi gördüyü işlə deyil, iş xarici davranışlarına nəzər
yetirin. Çünki, bu zaman o rəhbər olaraq siz onu müşahidə etmiş olsanız da belə,
iş başında olmadığı üçün əslində nəzarət olunmadığı halda necə davranacağını
göstərəcəkdir. Məsələn, ofis binanızda iki lift varsa və hər iki lift sizin olduğunuz
mərtəbədə deyilsə və əgər işçiniz hansının daha yaxında olduğuna baxmadan hər
iki liftin düyməsini basırsa işlər bir qədər sizin xeyrinizə deyil. Bir başqa
nümunə: Düşünün ki, əməkdaşınızla onun avtomobili ilə şəhərdə gəzirsiniz. O
tez-tez zolaq dəyişdirir və başqalarının yoluna çıxırsa, piyada keçidlərində
ehtiyatsız davranır və park edərkən kənar məsafələrə diqqət etmirsə, demək ki,
həm həyatınız həm də biznesiniz təhlükədədir. Sözün hər iki mənasında onunla
yola çıxmazdan öncə düşünmək faydalı olacaqdır.
Rəhbər nəzarətindən, kamera müşahidəsindən qorxan işçiyə öncəlik verməməyə çalışmalıyıq. Bir başqa sözlə, işçi rəhbər və şirkət üçün deyil, özünün tutmuş olduğu vəzifəsinin adını qorumaq üçün çalışmalıdır. Yəni, düşünün ki, siz bir işçini işə götürmüsünüz və ona müəyyən vəzifə öhdəlikləri tapşırılmışdır. Uğurlu əməkdaş o vəzifə öhdəliklərini qorumaq üçün səy göstərməlidir. Daha doğrusu tutmuş olduğu ştatın onun adını təmsil etdiyini anlayan işçiləri seçməyə çalışın. Necə ki, küçədə gəzərkən tanımadığımız biri bizə xoşagəlməz rəfdar etdikdə ona cavab qaytarmağa hər zaman hazırıqsa (xarakterimizə toxunduğu üçün), iş mühitində də biznes etikası çərçivəzində öz vəzifəmiz daxilində olan işlərin öhdəsindən gəlməyə əngəl törədən maneyələri ortadan qaldırmağa maraqlı olmalıyıq (bu əngəli kimin yaratdığı önəmli olmamalıdır). Bir başqa nümunə ilə desək, bəzən iş mühitində komanda üzvlərindən biri və ya bir neçəsi fürsətlərdən istifadə edərək daha az işləməyə çalşır. Başqalarının davranışlarını özünə rəhbər alaraq onlar kimi davranmağa çalışan işçiləriniz hər nə qədər bilikli olsalar da onlar sizin seçiminiz olmamalıdır. Tutduğu vəzifə işçinin adı, ortaya qoyduğu iş isə onun xarakterini təmsil edir. Uğurlu işçilərin dəyişməz dəyərləri və möhkəm xarakterləri var.
Pulu sevməyən işçilər sizi də sevməyəcək. İşçinin maaşa bağlı olması və sizinlə davamlı olaraq əməkhaqqı mübahisələri etməsi xoş hal deyil. Amma, öz gəlirlərinə qarşı laqeyid yanaşan əməkdaşı siz heç bir şeylə həvəsləndirə bilməyəcəksiniz. Düzdür ki, o bir müddət faydalı ola bilər. Ancaq, onun effektivliyində hansısa düşüş və ya onu daha da effektiv işlətmə həmlələriniz yetərsiz qalacaqdır. Bu səbəbdən də, gəlirlərini idarəli xərcləyən, gəlirləri ilə gələcək məqsədləri olan və puldan danışarkən deyil, pulla alına biləcək gələcəkdən söz edərkən “gözləri yanan” işçiləri işdə saxlayın. Sizin onun üçün gələcək vəd edən rəhbər olduğunuzu bilən işçi sizə faydalı olmaq üçün çalışacaqdır.
Bu bəndlərin sayını bir neçə dəfə artırmaq mümkündür. Bəzi bəndlərə bu yazıda yer verilməməsinin səbəbi onların artıq hərkəs tərəfindən bilinir olmasıdır. Diqqət etdinizsə bu yazıda əsasən işçi seçimindəki qəlibləşmiş formalardan fərqli olaraq “daxili vicdan” mövzusu üzərində durmağa çalışdım. Çünki, düşünürəm ki, daxili vicdanı yüksək olan təcrübəsiz işçi, zahiri xarakteristika olaraq təcrübəli işçidən sahibkar üün daha faydalıdır. Yekun olaraq deyə bilərəm ki, yaxşı işçi restoranın ayaqyolusunda suyu israf etməyən, futbolda vəzifəli şəxslərə qol vurmaqdan çəkinməyən əməkdaşlardır.
Elgün Oruclu

0 comments:
Yorum Gönder