Nyutonun 3 cü qanununa görə hər hansı bir
cism bir başqa cism ilə təmasda olduğu zaman onlar biri-birinin kütlələri nisbətində
əks təsirə məruz qalacaqlar. Məsələn, velosipet sürməyə çalşarkən pedalları
çevirdiyimizdə bizim pedalı çevirmə gücümüzə təkərin zincirləri, təkər və təkərin
asfaltla sürtünmə qüvvəsi, əks istiqamətli külək v.s təsir edəcəkdir. Nümunəni
sadələşdirmək üçün deyə bilərik ki, futbol oynadığımız zamanı topa zərbə vurarkən
eyni zamanda top da bizim ayağımıza öz kütləsi nisbətində müqavimət, yəni əks təsir
göstərmiş olacaqdır. Qanunu ümumiləşdirəcək olsaq - təbiətdə bütün varlıqlar öz
kütlələri nisbətində əks təsirə məruzdurlar.
Fizikadan bəhs etdikdən sonra, bu günkü mövzuya
daha da aydınlıq gətirmək üçün Azərbaycan dili ilə davam etmək istəyirəm.
Xatırlayırsınızsa orta məktəb təhsili aldığımız zaman sifətin dərəcələri ilə
tanış olmuşduq (kiçiltmə, çoxaltma dərəcələri). Balaca sözündəki “ca” əksəriyyətimizin
yanlış etdiyi nümunələrdəndir. Yəni, balaca sözündəki “ca” əslində kiçiltmə
deyil, çoxaltma dərəcəsidir. Daha da aydınlıq gətirsək, bala sözünü daha da
kiçiltmək məqsədi ilə ona “ca” şəkilçisi əlavə edilərək cismin balacalığı
qabardılmış olur. Bir qədər qarışıq görünsə də, buradakı “ca” şəkilçisi bala
sözünün şiddətini artırmaq üçün istifadə edildiyindən kiçiltmə deyil, çoxaltma
dərəcəsinin şəkilçisi kimi qəbul edilir.
Bu yazının məzmunu ötən yazılardan biri olan
“Qarşılıqsız fədakarlıq, ali insan” məqaləsinə bənzəyir və digər məqaləni də oxuduqdan
sonra, düşünürəm ki, aradakı əlaqəni təsbit etmək çox vaxtınızı almayacaq.
Artıq anladığınız kimi bu məqalədə yaxşılıq etmək, xoş əməl və qarşılıq gözləmək
kimi nüanslardan bəhs etməyə çalışacağam.
2023-cü ildə Türkiyədə baş verən zəlzələ
bütün Azərbaycan xalqını üzüntüyə salmış və qardaş ölkə olaraq zəlzələdən zərər
görənlər üçün yardım kampaniyalarına başlanılmışdı. Baş verən zəlzələ zamanı
Bakının bir sıra məntəqələrində yardım anbarları yaradılmış və həmin məntəqələrə
axınlar o qədər çox olmuşdu ki, bir müddət sonra yardımların qəbulu müvəqqəti
dayandırılmışdı. Öz gözlərimlə müşahidə etdiyim mənzərəni bacardıqca
canlandırmağa çalşacağam. Bölgələrdən içi isti geyimlərlə, təmizlik vasitələri
ilə və xarab olmayan ərzaqlarla dolu avtobuslar anbarların qarşısında tıxac
yaratmışdı. Bakıdan və yaxın şəhərlərdən isə axının ardı-arası kəsilmirdi. Anbarlarda
qəbul işləri könüllü Azərbaycan vətəndaşları tərəfindən sözün əsl mənasında “könüllü”
həyata keçirilirdi. Gətirilən yardım vasitələri ciddi operativliklə çeşidlənmək
üçün uyğun məntəqələrə paylanılırdı. Bağlanamı daşıyan, onu uyğun könüllüyə təhvil
verən, çeşidləməni edən, karton qutuları açan və hətta “skoçu” açıb karton
qutunun ağzını bərkidən şəxslər belə ayrılmışdı. Hər kəsin öz işi var idi və
heç kim ağır və yüngül iş demədən işin gedişatına fokuslanmışdı. Belə də olmalı
idi və birinci insanlıq adına, ikinci isə, qardaş ölkə olaraq bu bizim borcumuz
idi.
Qarşımıza çıxan maneə nə qədər böyükdürsə
onun bizdə buraxdığı əks təsir o qədər qalıcı olacaqdır. Laqeyidlik və qarşılıq
güdərək yaxşılıq etmək böyüdükcə onun qarşılıqsız fədakarlığa etmiş olduğu əks
təsiri o qədər ağır olacaqdır (Nyutonun 3 cü qanunu). Bu səbəbdən cəmiyyətin bəzi
kütlələri nadir halda qarşılaşdıqları könüllü yaxşılıqları, daha sıx-sıx
qarşılaşdıqları pislik üzərində qəbələ kimi dəyərləndirirlər. Zərrənin böyük əks
təsir üzərindəki qələbəsi kimi.
Elgün Oruclu.

0 comments:
Yorum Gönder