Əksər vaxtlarda dövlət müəsissələrində, bəzən
isə özəl müəsissələrdəki xidmət bölmələrində rast gəldiyimiz bir məqam var. “Kompüterin
səhvidir, sistem xətasıdır”. Bəzi hallarda isə, bunun əksini eşitdiyimiz özünü
müdafiə kəlimələri də olur. “Kompüter deyilik ki, insanıq. Biz də səhv edə bilərik”.
Kompüterləşmə dövrünün başlaması ilə, şühbə
yoxdur ki, müəsissələr ciddi şəkildə zaman qənaəti etmişdir. Təbii ki, buna
bütün qurumları daxil etmək olmaz. Hələ də, kompüterlərə inanmayıb öz
hesabatlarını kağız üzərində aparan, ofis proqramlarına inamsız yanaşan şəxslər
az deyil. Bəs necə olur ki, kompüter səhv edir? Düşünürəm ki, elə bu sualın
cavabı nə üçün insan səhv edir sualının cavabındadır.
Nə üçün insan səhv edir?
Çox bilgi sahibi olmaq, səhv edə bilmək üçün
səbəblərin çox olması deməkdir. Bir başqa sözlə, bəzən nə qədər az bilsək, hər
hansı bir mövzu üzərində daha doğru qərar qəbul etməyimiz o qədər asan və keyfiyyətli
olacaqdır. Çünki, günlük ətrafımızdan minlərlə informasiya qəbul edirik. Bu məlumatların
bir hissəsi yaddaşımızdan silinsə də, bir hissəsi isə, şüuraltımızda yerləşib
qalır. Şüuraltımıza yerləşmiş həmin məlumat bəzən həyatın elə bir mərhələsində
özünü göstərir ki, verdiyimiz qərara özümüz təəccüb edirik. “Mən necə oldu ki,
bu qərarı verdim. Lənət şeytana v.s”. Bu dəfə də kompüterləri deyil, şeytanı
günahlandırmağa başlayırıq. Bəli, biz insanıq və bizim qərar verməmizə minlərlə
faktor təsir edə bilər. Məsələn, dünən gecə yaşamış olduqlarımız, bu səhər
eşitdiklərimiz, qəbul etdiyimiz qidalar v.s. Yəni, insan olaraq bizim yanlış
etməyimiz normaldır, normal olmayan isə, ona verilmiş əmri qüsursuz icra etmək
üçün yaradılmış kompüteri yanlışa təhrik etməyimizdir. Ya da yalandan günahlandırmağımız.
Bəs necə olur ki, kompüter yanlış edir?
Kompüter ona bir dəfə düzgün şəkildə
verilmiş əmri sonsuzadək düzgün şəkildə icra etmək üçün insanlar tərəfindən
yaradılmışdır. Baxmayaraq ki, onu yaradan da bizik, amma kompüter ona verilmiş
bütün əmrləri öncədən ona tanıdılmış şərtlər daxilində yanılmadan edə bilir. Yəni,
biz kompüterə yüz minlərlə şərt vermiş olsaq da belə, onun yaddaşında sonsuz
informasiya olmuş olsa da belə, o yalnız ona verilmiş olan əmr və həmin əmr
üçün ona öncədən tanıdılmış şərti görür. Bir başqa sözlə, kompüter üçün bir məsələnin
həlli istənildikdə, o yalnız həmin zaman o məsələnin həlli qaydası üçün onun
yaddaşına tanıdılmış yolu görür. Digər bütün yollar və informasiyalar passiv
halda olur. Nəticədə insanla kompüter arasında yanılmaq və yanılmamaq kimi fərqlər
burada üzə çıxır. Bəli, kompüterə bir əmrin icrası üçün verilmiş şərtlər öncədən
doğru tanıdılacağı halda onun yanlış etmə ehtimalı demək olar ki, yoxdur. Fikri
ümumiləşdirsək deyə bilərik ki, əgər kompüter yanlış edirsə, yenə də onun səbəbkarı
elə “biz insanıq kompüter deyilik ki” deyən insandır. Çünki, həmin insan hər hansı məlumatı sistemə
daxil edən zaman yanlışa yol vermiş və nəticədə kompüteri yanlış yönləndirmişdir.
Bunu yaxşı anlamalıyıq ki, kompüterin emosiyası, duyğuları v.s bənzəri hissləri
olmadığından onun yanlış etmə ehtimalı yalnız ona məlumatı daxil edən tərəfin
öhdəliyindədir. O zaman işimiz çətinə düşür ki, həmin məlumatları daxil edən
adamın insani duyğuları onu yanıldır. Fikirli olmaq, yuxusuz olmaq v.s.
Bəs süni intellekt necə davranır?
Süni intellekt emosiya cəhətdən insanla kompüter
arasında yer alan və qərar verərkən kompüterdən daha çox insan kimi davranmağa
çalışan sistemdir. Yəni, süni intellekt qərar mərhələsində və ya hansısa sualı
cavablandırarkən ən məntiqli olanına üstünlük verməyə çalışan sistemdir. Hazırki
nümunələri ilə süni intellekt hətta bəzi nöqtələrdə ortaya insandan daha yaxşı nəticələr
qoya bilir. Çünki, onun işləmə mexanizmi ən doğru qərarı bütün seçimləri nəzərdən
keçirərək və emosiyalarını işə qatmayaraq ərsəyə gəlir. Yəni, o kompüterlərə
insanlar tərəfindən doğru və yanlış şəkildə daxil edilmiş bütün seçimləri nəzərdən
keçirir və son nəticəni məntiqə (intellekt) əsaslanaraq ortaya çıxarır. Təbii
ki, bu məntiq də zamanla insanlar tərəfindən kompüter məlumat bazasına (internetdəki
bütün məlumatlar) illərdir daxil edilmiş informasiyalar əsasında toplanılır. Bəs
o zaman yenə də insan faktoru varsa süni intellektin də yanlış etmə ehtimalı
yoxdur? Bəli, var amma çox azdır. Ən azından kompüter və insan qərarlarından
daha faydalıdır. Çünki, o dərhal qərar verir və emosiyaları yoxdur. Ən əsası isə,
əgər kompüterlərə daxil edilmiş bütün məlumatların böyük hissəsi yanlış
olsaydı, o zaman bütün sistem yanlış işləmiş olar və illərdir kompüterlər
(internet) bizim üçün faydalı olmazdı. Demək ki, blud adlandırdığımız internet
sisteminin bazasında yetəri qədər düzgün məlumatlar var və süni intellekt bir
işi icra edərkən onlar arasında müqahisə edərək ən düzgününü seçməyə çalışır. Yekun
olaraq onu deyə bilərik ki, süni intellektin inkişaf etməsi “biz insanıq, kompüter
deyilik” və “sistem xətasıdır, bizlik deyil” deyimlərini ortadan qaldıracaq
kimi görünür.

0 comments:
Yorum Gönder