21 Şubat 2024

Kitab oxumaq hər zaman faydalıdır?

Kitab oxumaq nə üçün önəmlidir. Oxumaq və müxtəlif qaynaqlardan yeni məlumatlar əldə etmək mənim üçün də xoşdur. “Mütaliə et və ya kitab oxu” deyimini gözümüzü açandan eşidirik. Bəs görəsən kitab oxumaq nə qədər önəmlidir?

Hər zaman bildirdiyim kimi yenə də burada paylaşdıığım fikirlərin mənə məxsus olduğunu bir daha xatırlatmaq istəyirəm. Razılaşıb, razılaşmamaq sizin öz qərarınızdır.

Universitet illərindən sonra işə həyatına başlamış və demək olar ki, 7-8 il müddətində kitab oxuma vərdişim bir neçə dəfə azalmışdı. Mən əsasən bilgi əldə etməkdən xoşbəxt olduğum üçün iş mühitində xeyli məlumat əldə etməyim bu ehtiyacımı qismən qarşılayırdı. Yəqin ki, birinci olaraq kitab mənim üçün nəyə görə önəmli olduğunu anlamış oldunuz.

Nə üçün kitab oxuyuruq?

Bilgi əldə etmək. 2023-cü ilin yanvar ayından etibarən kitab oxumaq vərdişimi geri qaytarmaq qərarına gəldim və həmin il adına 24 kitab oxumaq üçün məqsəd müəyyənləşdirdim. Kitablardan bəziləri mənə düzgün yolu göstərsə də bəzilərindən bilgi əldə etdim deyə bilməyəcəm. 24 kitab hədəfimi 22 kitabda ilin sonuna 1 ay qalmış dayandırdım. Səbəb isə, oxuduğum bəzi kitablarla digərlərinin və şəxsi düşüncələrimin üst-üstə düşməməsi oldu. Başqa sözlə, bəzi kitablar mənə bilgi vermədi sadəcə zamanımı daha səmərəsiz keçirməyin qarşısını aldı. Düşünürəm ki, ilk növbədə hansı kitabı və nə məqsədlə oxuduğumuzu yetərincə anlamalıyıq. Xüsusi ilə, pisxoloji və dini istiqamətli kitabları mentor nəzarəti olmadan oxumağın faydasız, hətta bəzən təhlükəli olduğunu düşünürəm. Əgər zamanınızı kitab oxuyaraq keçirməyi planlayırsınızsa düşünürəm ki, roman oxumaq ən təhlükəsiz olanıdır. Romanın uydurma olduğunu qəbul edərək oxuyun və yazılan hər şeyi ciddi qəbul etməyin.

Uğur hekayələrindən danışan kitablardan uzaq durmaq mənə görə məsləhətdir.


Nə üçün uğur hekayələrindən danışan kitab bəzən təhlükəli ola bilir? Adətən uğur hekəyələrində uğur qazanmış adamların müsbət vərdişlərindən bəhs edilir. Məsələr, “X” şirkət sahibi hər gün saat 5 də yuxudan oyanır, idman edir, sağlam qidalanır və gün sonunadək özünü gümrah hiss edir. Bu səbəbdən də həmin biznesmenin uğuru bu və buna bənzər aktivliklərlə əlaqələndirilməyə çalışılır. Amma, nəzərə almaq lazımdır ki, sizin həyat standartlarınız buna cavab vermirsə uğurlu olmaq üçün bu yolu yoxlamağa dəyməz. Məsələn, həmin o uğurlu biznes sahibinin geniş və yaşıllıqlarla örtülmüş həyəti, özünün fitnes zalı, hovuzu, bütün ehtiyaclarla təmin olunmuş mətbəxi, onu işə aparan sürücüsü və işə gedərkən bankda olan mülkündən gündəlik əldə etdiyi faiz gəliri var. O, işdə sizin kimi kreditini ödəmək üçün günün yarısını fikirli halda keçirmir (əlbəttə ki, o da bu nöqtəyə asan gəlməyib və məncə önəmli olan onun yaşadıqları stress, çətinlik və ağıllı qərarlarından danışan kitablardır) və ya onun hər gün səhər oyanmaq üçün bir sıra motivasiya edici amilləri var. Məsələn, hər gün saat 5 də oyandığınız halda Bakı şəhərində nə edə biləcəyinizi düşünün. 1 saat gəzinti etdiniz. Daha sonra? Yəni, uzun sözün qısası 5 də oyanaraq özünüz üçün faydalı məşğuliyyətlər tapa bilirsinizsə bu əladır. Amma, boş zaman keçirəcəksinizsə boşuna yuxunuza haram qataraq özünüzü fərli təbəqənin adamları ilə müqahisə etməyə çalışmayın. Əks halda yoxlayacaqsınız və davam edə bilməyəcəksinizsə uğursuzluğunuzu şüuraltı olaraq buna bağlayacaq, daha da həvəsdən düşəcəksiniz. Əgər yoxlamayacaqsınızsa bu zaman da yoxlamadığınız üçün ruhdan düşmüş ola bilərsiniz. Ona görə, düşünürəm ki, hər təbəqənin öz həyat şəraiti var və ayağımızı yorğanımıza görə uzaqsaq daha faydalı olar. İlk öncə özünü yaşayacağın həyat şəraitinə hazır vəziyyətə gətir, sonra isə o həyatı yaşamağa başla.

Hər kitab nə üçün oxunmamalıdır?

“Mütaliə et və ya kitab oxu” deyimi yuxarıda da bəhs etdiyim kimi, uzun illərdir eşidirik. Amma, düşünürəm ki, bu deyim bir qədər sözdəki haqlılıq payını itirib. Cümləni “Mütaliə et və ya yaxşı kitab oxu” şəklində əvəzləsək daha doğru olar. Çünki, 20-30 il öncə televizyaya, qəzetlərə, KİV-lərə senzura olduğu kimi, kitablara da senzura var idi. Razıyam ki, bu senzuranın mənfi tərəfləri də az olmayıb. Amma, hazırki vəziyyətdə nəşriyyatlar azad şəkildə (qatı radikallıq, dini mövzu və bənzəri xaric) istənilən mövzuları, fikirləri nəşr edə bilirlər. Buna görə də, bəzən kitab oxumaq mənasız biri ilə danışmaq və ya mənfi fikirli təsirə məruz qalmaqla eyni ölçülə bilər. Çalışaq ki, oxuduğumuz kitablarla bağlı öncədən rəylər toplayaq və ya xoş olmayanlarını yarıda qoyaq.

Oxumaq beynimizə necə təsir edir?

Video izləmək və ya mövzunu dinləməklə hər hansı bir mətnə hakim olmaq, o mətni oxuyaraq bilgi əldə etməkdən beynimiz adına daha az faydalıdır. Çünki, video izlədikdə demək olar ki, beynimiz maksimum dərəcədə hazır informasiya əldə edir. Amma, kitab oxuduqca kitabın səhifələrindəki yüzlərlə hərif gözümüz tərəfindən hər dəfə görüldükcə, o hərfin təsbit edilməsi ilə bağlı informasiya beynə öütürülür. Nəticədə bir səhifədə biz beynimizə yüz dəfələrlə siqnal ötürmüş oluruq. Bu isə beynimizin işlək və operativ qalmasında faydalıdır.

Kitab bizə başladığımız işi bitirməkdə səbrli olmğı öyrədir.

Əlinizə aldığınız bütün kitab başlamadan bitməyəcəkdir. Bütün səhifələrini və hərflərini oxumadığınız kitab bitmiş sayılmaz. Yəni, başlamadan bitməyəcək olan bu iş, sizə “dama-dama göl olar” deyimini göstərəcəkdir. Video informasiyalarda önə verərək, sürəti artıraraq zaman qazanmış ola bilərik. Amma, kitabı bütün cümlələrini ziyarət etməyə məcbursunuz (əgər həqiqətən niyyətiniz oxumaqdırsa). Ona görə əsasən günümüzdə “Z” nəsli dediyimiz nəsil, müəyyən işdə uzun müddət davam etməkdə çətinlik çəkir, eyni telefonu davamlı istifadə etmək ona darıxdırıcı gəlir və ya xırdaçılıq istəyən peşələrə o qədər də maraqlı deyillər (hər birinə aid deyil). Çünki, video informasiya və ya səsli məlumat bolluğu bizi sürətli istehlaka təhrik edib və rahatlığa öyərşdirib. Düşünürəm ki, kitab oxumaq bizə başladığımız işin başlamadan bitməyəcəyini amma, başladıqdan sonra isə, bitəcəyini aşılamış olur.

Kitab bizi qoruyur.

Kitab oxuyaraq keçirdiyimiz zaman dilimində internetin zərərli aslılığında uzaq durmuş oluruq. Düşünürəm ki, oxumaq buna görə vərdiş ediləsi seçimlərdən olmalıdır. Faydalı kitab bizə həm bilgi verməklə bərabər, həm də bizi internet mühitinin zərərli informasiyalarından qoruşum olur.

Kitab oxumaq qeyri-iradi olaraq bizə status qazandırır.

Bəzi davranışlar var ki, o davranışlara fərd olaraq ehtiyacımız olur. Bəzilərinə isə, onu vərdiş halına gətirənədək süni şəkildə ehtiyacımız var. Kitab oxumaq sizin özünüzə inamınızı bərpa edəcək və faydalı insan olduğunuz güvənini verəcəkdir. Düşünürəm ki, başlanğıcda süni də olsa özünüzü buna məcbur etməlisiniz. Özünü tapmaq ehtiyacı hər kəsdə var. Yetərki sən başla, davamı gələcək.


Elgün Oruclu.

 

 

18 Şubat 2024

Müasir insan bəsit insandır

Bir gün içində sadə Bakı şəhəri sakini nə edə bilər? Bu sual ətrafında düşündüklərimi öz düşüncələrimə əsasən yazmağa çalışacağam. Hansı ki, mövzu bir müddətdir məni düşündürür və bəzi simptonları da özümdə müşahidə etdikdən sonra bu səhifədə qeyd edilən müzakirəyə yer vermək istədim.

Səhər 07:00-da yuxudan duraraq 10-15 dəqiqəlik fiziki hərəkətlər edərək özümüzü günə gümrah hazırlaya bilərik. Bu hərəkətləri edərkən youtube-dən asanlıqla faydalanmaq mümkündür. Yaxşı olar ki, səhər duran kimi “ağıllı telefona” əlimiz getməməsi adına hərəkətləri dünən gecədən əzbərləmiş və bizə motivasya verəcək mahnını isə “music player” dən qoşmuş olaq. Yani, “no wifi”.

Fiziki hərəkətlərdən sonra yüngül duş qəbul edib, özümüz üçün ən sevdiyimiz səhər yeməklərindən birini hazırlamağa çalışırıq. Youtube-dən bir neçəsini öncəki günlərdən test edərək öyrənə bilmişik. Hələ də “no wifi” davam edirik. Növbəti addım isə, dünən axşamdan ütüləmiş olduğumuz iş geyimlərimizi geyinmək və güzgü qarşısına keçərək özünüzün gözəl və ya yaraşıqlı görünməyi ilə öyünməkdir. Mütləq özünüzü buna razı salmağa çalışın və geyiminizin, saçınızın, üzərinizdəki ətrin və ayaqqabınızdakı boyanın qaydasında olması sizi özünüzə qaytaracaq. Buradakı əsas məqsəd günə əksiksiz olaraq başlamağı qəbul etməkdir. Yəni, əgər hər hansı birimiz ətirdən istifadə etmiriksə bu o demək deyil ki, onun günə tam əhvalla başlaması mümkün deyil. Əgər üzərinizdən qoxu gəlməsi və ya ütülənmiş rəsmi geyimlər sizi narahat edirsə, o zaman sizi rahat hiss etdirəni edin. Qəti surətdə liftə minərkən bir başqasından ətir qoxusu gəlməsi sizdə özünü müqayisə nöqtəsinə gətirməsin. Bu arada evdən çıxarkən gülü sulamağı (wifini söndürməyə ehtiyac yoxdur, çünki, heç onu qoşmamışdın da) və hündür mərtəbəli binadan pilləkənlərlə düşməyi yoxlamaqda fayda var. Hə, bir də “music playeri” götürməyi unutmayın. Ümid edirəm “play list”inizdə öncədən yüklədiyiniz xoş əhval yayan, gözəllikdən danışan sənət əsərləri yer alır. Qoxu mövzusu ilə davam edirik. Binanın blokundan çölə (sonsuz müxtəlifliyin olduğu həyət) ilk addımı atdığımız zaman o qoxunu almağa çalışaq. Qışdır, payız və bəlkə də yaz. Amma, hər birinin qoxusu var. Sənə verilənləri dərk etmək üçün onun gözəlliklərindən acgözcəsinə yararlanmağa çalış. Həyətdə səni avtomobil gözləyir və ya abtobus dayanacağına tələsirsən. Çalış ki, öz avtomobilində radionu dərhal işə salma, çünki, əsasən qə*l, xəya*ət, oğu*luq v.s eşidəcəksən. Lazım deyil. “Allah uzaq eləsin” dediyimiz hadisələrin bu qədər yaxınımıza gəlib çatnmasına gərək yoxdur. Söndürün ümumiyyətlə onu! Onlar sizin “play litsi” əvəz edə bilməyəcəklər. Əgər taksi ilə hərəkət edirsinizsə çəkinmədən söndürməsini xahiş edin. Bəlkə də avtobusdayıq və yaşlılar gələrkən ayağa qalxıb-qalxmayacağımıza qəti qərar verərək, əyləşib-əyləşməyəcəyimizi dünən axşamdan yəqinləşdirmişik. Amma, hər iki seçim bizi avtobusun pəncərəsindən baxmağa əngəl deyil. Doyunca ətrafı izləyin. Telefonun interneti hələ də bağlıdır. Çünki, dünyanın hər hansı nöqtəsində olan birinin sənin əhvalını pozmağa gücü çatmaz. Buna icazə verməyin. Amma, avtobusda sıxlıqdırsa keçmək istəyənlərə icazə verin. Kobud olanlara gülümsəyin və empatiya göstərin. Çünki, onlar dünən gecə sizin verdiyiniz qərarları verməyiblər və onlar səhər tezdən və ya bütün gecə wifi-nin gərginləşdirici şüalarına, insanların informasiyalarına məruz qalmış ola bilərlər. Avtomobilinizi başqalarına əngəl olmayacaq şəkildə park edin və ya sürücüdən sizi ən uyğun yerdə düşürməsini istəyin. Maşını iş yerinizdən uzaqda park etməli olduğunuz üçün əlavə yerimə şansınız yaranmışdır demək. Demək ki, günlük olaraq özünüz üçün qoyduğunuz 10.000 addım limitinə bir qədər də yaxınlaşacaqsınız. İş yerinin girişində “reception” xanımın uzun dırnaqlarının dünən gecədən sonra sizə heç bir dəxli yoxdur. Sizin uzun dırnaqlarınızı isə, bu gün fiziki hərəkətlər edərkən sizə əngəl olacağınızı bildiyiniz üçün dünən gecədən kəsmisiniz. Gecə dırnaq kəsməzlər batil inancına inanmayıb həyatı real inanclarla yaşamağa başlamaq və səhər yuxudan durandan “reception” xanımla qarşılaşanadək olan bütün seçiminiz inancınızı necə də tamamlayır. Bu arada bu günün sonundan etibarən gecə sözünü axşam sözü əvəzləməyə başlayacağı üçün sən bir az da daha şanslısan. Lifti deyil, pilləkənləri seçdiyin üçün sənə afərin. Eləcə də, pilləkənlərdə telefonun internetini açmadığın üçün də. Ümid edirəm sevdiyin işlə məşğul olursan. Əgər elə deyilsə ya onu sevməyə başla, ya da ən qısa zamanda əməkhaqqını belə nəzərə almadan yeni iş axtar. Çünki, sən artıq internet paketindəki həddən artıq xərcdən, başqaları nə deyər xətrinə istifadə etdiyin ətirdən, basırıq olmasın deyə seçdiyin taksidən, işə gələrkən aldığın şirniyyatdan və başqa (hekayənin davamında görəcəksən) xərcli vərdişlərindən uzaqlaşmısan. Amma, unutma ki, daha az maaşla sevdiyin işə başlamaq o anlama gəlməməlidir ki, bu hər zaman belə qalacaq. O işi öyrənib, uğurlu olmağa və əməkhaqqını yüksəltməyə hər zaman maraqlı ol, yəni özünü sev!

İş yoldaşlarına etdiklərinlə bağlı danışmağa dəyər amma, məcbur etmədiyin üçün onlar da, sən də şanslısan. Onların işdəki narazılıqlarını isə, eşitməyə dəyməz. Sözlərini etik şəkildə kəs və onları beynimizdə yaratdıqlarımızı yaşadığımız düşüncəsinə inandırmağa çalış. Sən bu mövzuları bilirsən artıq. Çünki, sən bir qərar vermisən və yalnız məntiqi isbatı olan qərarlar uzun müddət tətbiq olunur. Nahar fasiləsində pizza, lahmacun yemədiyin üçün günlük 10.000 addımı vurmağa daha da həvəsli olacağını unutma. Sən tamamı ilə dəyişirsən dostum. İşdə operativ olmaq və insanların sənlə əlaqə yarada bilməsi üçün “ağılsız” (o birilərinə ağıllı deyiriksə bu da o zaman ağılsız olmalıdır yəqinki) telefondan istifadə etməyə çalış. Nahar fasiləsində telefonun internetini açaraq ən vacib olanları cavablandır. Sosial medyaları dünən gecədən sildiyin üçün daha az mesaj gəlməsi yəqin ki, verdiyin sözü tutduğun üçün özünə olan dəyərini artırmış oldu. Bir iş günü sosial medya, dedi-qodu, göstəriş v.s olmadan bitti. İşdən sonra real həyat dəyərləri olan dostun və ya sevgilinlə görüşmək səni daha da dəyərli hiss etdirəcəkdir. "Cofe shop"da görüşmək və dadını çıxarmaqdan çox şəkil çəkdirməyə fokuslandığın məkanlar artıq həyatın əvvəlki səhifələrində qalıb. Tıxacda deyinə-deyinə deyil, tıxacsız ərazilərdə hərəkət etdiyin üçün həyat sənin həyatın olduğunu hiss et. Avtomobildən endin, pilləkənlə qalxdın, qapını açdın. Otağındakı gülə salam verməyi unutma. O sənin gəlişini dəqiqələr öncə hiss edib (https://www.youtube.com/watch?v=LQGCu1cbUKY) və illərdir birlikdə yaşayırsınız. Bu gün özünü mükafatlandırmalısan. Ən sevdiyin yeməyi bişirərək və hər gün bahalı restoranlara gəlirinin böyük hissəsini xərcləməyərək. Qənaət etdiyin pulları sevdiyin yerlərə, aksesuara, tətilə xərcləməyə çəkinmədiyin üçün özünü dəyərli hiss et. Evə gələrkən yuxu dərmanı almadığın üçün də özünü xoşbəxt insan kimi hiss edəcəksən. Gecə olmasa da, gecən xeyrə! “no wifi”.

Yadplantelinin müsahibəsi

İnsanlar onlara verilmiş sonsuz seçimlər içərisindən adətən bir neçəsini seçir, digərləri isə demək olar ki, istifadəsiz olaraq qalır. Müşahidə etdiyim bunu deməyə əsas verir ki, bir sadə insanın günlük həyat rutini bu şəkildə başlayır və bitir.

Səhər işə gecikəcək saatda oyanır və ilk olaraq telefondakı bildirişləri kontrol edir. Bu hardasa 10-15 dəqiqə çəkir. Daha sonra təəccüb, təəssüf, düşüncəli və ya aqressiv şəkildə mobil telefonu bir kənara ataraq yuyunmağa keçirlər. Ən qısa çəkən hissə səhər yeməyidir. Dünən işdən gələrkən alınmış şor qoğalı və ya paketlənmiş şirniyyatlarla gecədən qalan çayı içib yenə mobil telefona baxırlar. Sonra bir azdan işə gecikdiyi üçün stress keçirəcəyini bilə-bilə kimləsə yazışır və ya səhifələri gəzirlər. Əksəriyyətinin qarşısına geyim və yeməklə bağlı reklamlar çıxır və əksəriyyət həmin reklamlara baxmırlar. Amma, daha sonra necə olursa onlar o reklamda göstəriləni ya kiməsə tövsiyyə edir ya da özü seçim edərkən həmin məhsulu alır. Dünən gecə telefonla məşğul olarkən qismən ütülənmiş paltarını geyinir və güzgü qarşısına keçirlər. Əsasən müşahidə olunan odur ki, güzgü qarşısında şəkil çəkilir. Daha sonra güzgüdə özlərinə bir daha nəzər yetirir və üzgün mimika ilə evdən çıxırlar. Yaxında olan liftə minəcəyini bilə-bilə binanın hər iki liftinin düyməsini basır və öncdən seçdiyinə minirlər. Liftdə tək olduqları zaman əsasən yenə şəkil çəkirlər və liftdə olduqları müddətdə mobil internetdən istifadə edə bilmədikləri üçün stressləndikləri hiss olunur. Binanın həyətinə çıxan kimi yenə də telefona sarılıb taksi sifariş edirlər. 20 metr uzaqda gözləyən taksi sürücüsü onu tapanadək onunla yazışırlar və bir daha stress yaşayaraq taksiyə minirlər. Taksidə ya bəd xəbər səslənir, ya qəmli mahnı ya da ağır dini mövzular. Taksi sürücüsü ilə mütləq həmsöhbət və həmfikir olurlar. Mövzu isə adətən dövlət, millət, mentalitet, cavanlar, maddi imkansızlıq və ya tıxac olur. Taksi düz iş yerinin qapsınadək sürülür və bu davranış ona verilmiş artıq 50 qəpiklə konpensasiya olunmuş hiss edilir. Qadın sərnişinlər adətən yol boyu susur və hiss edilir ki, sürücünün davranışlarından ehtiyat edir. Yol boyu isə, başını qaldırmır və mobil internetin verdiyi imkanlardan yararlanırlar. Qadın sərnişinlər adətən düşərkən təşəkkür etmir (səmimiyyətin yanlış anlaşılmasından qorxduqları üçün) və qapını möhkəm çırpırlar (səbəbi bəlli deyil). Sürücülər isə adətən buna aqressiv reaksiya verir və avtomobili yerindən acıqla tərpədilər. Reseptiondakı xanım yenə ordadı və demək olar ki, onların hər biri, biri-birinə bənzəyir. Soyuq salam verilərək yenə hər iki liftin düyməsi basılır və öncədən müəyyən edilmişə minilir. Mobil internet getməsin deyə adətən mesajı yazıb daha sonra düyməni basırlar. İnternet kəsilir və yenə stress yüklənir. Oğlan sərnişin iş yoldaşlarına sürücünün boş-boş danışmağından, xanım sərnişin isə, sürücünün kobud olmasından şikayət edir. Yenə də dinləyənlər həmsöhbət və həmfikir olurlar. Sonra tünd kofe içilir və naharadək sosial medya bildirişləri həmin insanları gah sevindirir, gah güldürür, gah da stressə salır. Naharda pizza sifariş edilir və pizzanın qutusu xadimə gələnədək masanın üzərində qalır. Sonra saatın necə gəlib-getdiyini bilməyən insan adətən “bu həftə necə tez keçdi. Ay dünən girmişdi. Maaş vaxtı gəlsəydi krediti ödəyib canımı qurtarardım deyirlər”. Sonra işdən çıxıb yenidən taksi gözləyirlər və gözləyərkən stress həddi artır. Günün sonu olduğu üçün sərnişin də, sürücü də daha aqressivdir. 90% eyni mövzular danışılır. Təyinat nöqtəsi ya hansısa "cofe shop", ya restoran, ya da hansısa mall olur adətən. 10-11 arası evə qayıdırlar və içmiş olduqları kofenin verdiyi doyum hissi və internetdə vaxt keçirmək istəyi ilə gecə yemək hazırlamaqdan boyun qaçırırlar. Yenə də müxtəlif məzmunda məlumatlar alaraq gözləri şişmiş halda yatağa keçirlər. Wifi-ni söndürməmək şərti ilə yuxuya getməyə çalışırlar. Əksər hallarda bir neçə dəfə telefonun səsinə oyanıb yenidən yatırlar. Xülasə edilsə, insan gündəlik olaraq minlərlə seçimi olmasına baxmayaraq əsasən internetdə vaxt keçirmək, səhər paketlənmiş şirniyyatlarla yüngül qidalanmaq, taksi gözləmək, kimisə qınamaq, şikayət etmək, əməkhaqqı aldığı iş yerini sevmədiyi üçün tənqid etmək, fast food sifariş etmək, işdən sonra taksi gözləmək, taksi ilə müxtəlif məkanlara getmək, orada gün boyu olanları onun sözünü bitirməsini maraqla gözləyən tanışına danışmaq və qarşı tərəfdən də eyni danışıqları eşitmək, ruhdan düşmüş halda evə gəlmək və özünü dəyərsiz hiss edərək yatmağa çalışmaqla vaxt keçirirlər. Yəni, müasir insan artıq qarışıq insan deyil, 80% insanın hansı seçimləri edəcəyini öncədən təsbit etmək mümkün kimi görünür. Çünki, gəzmək, fiziki məşğuliyyət, kitab oxumaq, rəsm çəkmək, hansısa sənətə maraq salmaq, yeni real insanlarla tanış olmaq, oyunlar oynamaq v.s kimi seçimlər ancaq 20% insanlarda müşahidə edilir. Müasir insan olmaq sıxıcıdır.

Ümid edirəm bu yazı sizi müsbətə kökləyər və mövzuya yaxşı tərəfdən baxmağa çalışarsınız. İnternetdən istifadə tənqid olunmalı məsələ deyil, internetdən aslılıq isə bizə verilən real dünyanı yaşamağa icazə vermir.

Elgün Oruclu

12 Şubat 2024

Doğru insan doğru işçidir?

Məlum məsələdir ki, universitet təhsili biznes bazarının tələb etdiyi real namizədi yetişdirməkdə yetərli deyil. Başqa tərzdə desək, universitetlər real iş mühitinin inkişafına ayaq uydurmaqda çətinlik çəkir, bəzən maraq göstərməməklə bərabər, bəzi zamanlarda isə, ümumiyyətlə bu uyğunsuzluqdan məlumatları yoxdur. Eyni zamanda bunu inkar edə bilmərik ki, dünyanın bəzi təhsil müəssisələri bu tələbi artıqlaması ilə qarşılayırlar. Amma, reallıq burasındadır ki, həmin universitetləri əksəriyyəti ya araşdırma universitetləridir ya da onlar artıq real biznes mühitini dəyişdirməyi ənənəyə çeviriblər. Yəni, inkar etmək olmaz ki, dünyanın bəzi təhsil müəssisələri gələcəyin trendini özləri yaradaraq tələbi öncədən müəyyən etməyi bacarırlar. Amma, bununla iş yekunlaşmır. Yəni, işçinin təcrübəli və ya bilikli olması onun axtardığımız əməkdaş olduğu anlamına gəlməməlidir.

Bəs o zaman nəyə diqqət etməliyik? Diqqətinizə çatdırım ki, burada paylaşdıqlarım şəxsi təcrübəmə əsaslanır və bu yaxşı əməkdaşı seçmək üçün gərəkli olan yolun sadəcə bir neçəsidir.

1. 

Liftin hər ikisini çağıran işçini seçməməliyik. Müəssisəmizdə fəaliyyətin uğurlu olmasının ən önəmli faktorlarından biri sistemin özü-özlüyündə çalışmasıdır. Yəni, işi mənimsəmiş işçi artıq atacağı bütün addımları bilməli və heç bir kənar müdaxilə olmadan vicdanlı davranmalıdır. Bir başqa deyimlə, özü-özü ilə qaldıqda “bəşəri ədalət” adına davranan işçilərə önəm verilməlidir. Bəs biz işçinin özü-özü ilə qalma zamanı necə davrandığını hansı şəkildə müşahidə edə bilərik. İlk növbədə işçinin günlük rutinləşmiş davranışlarındakı “ədalətlilik prinsiplərinə” diqqət yetirin. Yəni, bir növü işçinizi gördüyü işlə deyil, iş xarici davranışlarına nəzər yetirin. Çünki, bu zaman o rəhbər olaraq siz onu müşahidə etmiş olsanız da belə, iş başında olmadığı üçün əslində nəzarət olunmadığı halda necə davranacağını göstərəcəkdir. Məsələn, ofis binanızda iki lift varsa və hər iki lift sizin olduğunuz mərtəbədə deyilsə və əgər işçiniz hansının daha yaxında olduğuna baxmadan hər iki liftin düyməsini basırsa işlər bir qədər sizin xeyrinizə deyil. Bir başqa nümunə: Düşünün ki, əməkdaşınızla onun avtomobili ilə şəhərdə gəzirsiniz. O tez-tez zolaq dəyişdirir və başqalarının yoluna çıxırsa, piyada keçidlərində ehtiyatsız davranır və park edərkən kənar məsafələrə diqqət etmirsə, demək ki, həm həyatınız həm də biznesiniz təhlükədədir. Sözün hər iki mənasında onunla yola çıxmazdan öncə düşünmək faydalı olacaqdır.

Rəhbər nəzarətindən, kamera müşahidəsindən qorxan işçiyə öncəlik verməməyə çalışmalıyıq. Bir başqa sözlə, işçi rəhbər və şirkət üçün deyil, özünün tutmuş olduğu vəzifəsinin adını qorumaq üçün çalışmalıdır. Yəni, düşünün ki, siz bir işçini işə götürmüsünüz və ona müəyyən vəzifə öhdəlikləri tapşırılmışdır. Uğurlu əməkdaş o vəzifə öhdəliklərini qorumaq üçün səy göstərməlidir. Daha doğrusu tutmuş olduğu ştatın onun adını təmsil etdiyini anlayan işçiləri seçməyə çalışın. Necə ki, küçədə gəzərkən tanımadığımız biri bizə xoşagəlməz rəfdar etdikdə ona cavab qaytarmağa hər zaman hazırıqsa (xarakterimizə toxunduğu üçün), iş mühitində də biznes etikası çərçivəzində öz vəzifəmiz daxilində olan işlərin öhdəsindən gəlməyə əngəl törədən maneyələri ortadan qaldırmağa maraqlı olmalıyıq (bu əngəli kimin yaratdığı önəmli olmamalıdır). Bir başqa nümunə ilə desək, bəzən iş mühitində komanda üzvlərindən biri və ya bir neçəsi fürsətlərdən istifadə edərək daha az işləməyə çalşır. Başqalarının davranışlarını özünə rəhbər alaraq onlar kimi davranmağa çalışan işçiləriniz hər nə qədər bilikli olsalar da onlar sizin seçiminiz olmamalıdır. Tutduğu vəzifə işçinin adı, ortaya qoyduğu iş isə onun xarakterini təmsil edir. Uğurlu işçilərin dəyişməz dəyərləri və möhkəm xarakterləri var.

Pulu sevməyən işçilər sizi də sevməyəcək. İşçinin maaşa bağlı olması və sizinlə davamlı olaraq əməkhaqqı mübahisələri etməsi xoş hal deyil. Amma, öz gəlirlərinə qarşı laqeyid yanaşan əməkdaşı siz heç bir şeylə həvəsləndirə bilməyəcəksiniz. Düzdür ki, o bir müddət faydalı ola bilər. Ancaq, onun effektivliyində hansısa düşüş və ya onu daha da effektiv işlətmə həmlələriniz yetərsiz qalacaqdır. Bu səbəbdən də, gəlirlərini idarəli xərcləyən, gəlirləri ilə gələcək məqsədləri olan və puldan danışarkən deyil, pulla alına biləcək gələcəkdən söz edərkən “gözləri yanan” işçiləri işdə saxlayın. Sizin onun üçün gələcək vəd edən rəhbər olduğunuzu bilən işçi sizə faydalı olmaq üçün çalışacaqdır.

Bu bəndlərin sayını bir neçə dəfə artırmaq mümkündür. Bəzi bəndlərə bu yazıda yer verilməməsinin səbəbi onların artıq hərkəs tərəfindən bilinir olmasıdır. Diqqət etdinizsə bu yazıda əsasən işçi seçimindəki qəlibləşmiş formalardan fərqli olaraq “daxili vicdan” mövzusu üzərində durmağa çalışdım. Çünki, düşünürəm ki, daxili vicdanı yüksək olan təcrübəsiz işçi, zahiri xarakteristika olaraq təcrübəli işçidən sahibkar üün daha faydalıdır. Yekun olaraq deyə bilərəm ki, yaxşı işçi restoranın ayaqyolusunda suyu israf etməyən, futbolda vəzifəli şəxslərə qol vurmaqdan çəkinməyən əməkdaşlardır.

Elgün Oruclu

 

08 Şubat 2024

Qarşılıqsız fədakarlıq, ali insan

Biri-birilərinə qarşı anlayışlı olmağın zəmanə, elm, ailə v.s kimi faktorlarla nə qədər əlaqəsi olsa da bu sadaladıqlarımın əsas faktor olduğu düşüncəsində deyiləm. Doğrudur ki, zəmanəmizdə əvvəlki illərdən fərqli olaraq bir qədər insan münasibətlərində soyuqluq və ya tənhalaşma artıb. Amma, bu o mənaya gəlməməlidir ki, insanlar dostluğa 30 il bundan öncəkinə görə daha az önəm verirlər. Qarşılıqlı münasibət, xoş biri ilə həmsöhbət olmaq kimi faktorlar hər zaman öncəlik daşımışdır. Sadəcə hazırki dövrdə insanların tanıdığı və ya tanımadığı biri ilə münasibət qurması (dost, sevgi, həmkar v.s) əvvəlki dövrlədən bir neçə dəfə sürətlənmişdir. Yəqin ki, yeni biri ilə tanış olmaq və öncədən tanış olduğumuz birini qısa zamanda həyatımızdan çıxarmaq alternativlərin çoxluğundan dolayı artış göstəmişdir. Yəni, mövcud informasiya asanlığı insanlara biri-biri üçün darıxmağa imkan vermir. Elə bu səbəbdəndir ki, dostlarımıza, sinif yoldaşlarımıza, iş yoldaşlarımıza, sevgilimizə əvvəlki kimi anlayışla yanaşmadığımız sezilir. Bu paraqrafı yekunlaşdıracaq olsam deyə bilərəm ki, qadınlar da, kişilər də elə əvvəlki kimidir, sadəcə olaraq onların özü olmaları üçün zamanları qalmayıb, özümüzü itirmişik.


Dünyadakı insanların bir çoxu başqalarına yaxşılıq edərək xoşbəxt ola bildiklərini bildirirlər. Bu minillər boyu insan geni ilə ötürülmüş instikdir və fədakarlıq etmək hər zaman rəğbət görülən hiss olduğundan “şükürlər olsun ki” günümüzə qədər gəlib çata bilmişdir. Öz xoşunla başqalarına yaxşılıq ali davranışlardandır ki, hər iki tərəfə həqiqi xoşbəxtlik yükləmiş olur. Bəli, insan olaraq yaradılışımızda özümüzü düşünmək hər birimiz üçün önəmli faktordur. Məsələn, dostumuzu qorumağa çalışırıq, çünki, o bizim dostumuzdur və onu qorumaqla biz özümüzün dəyər verdiyimiz birini qorumuş oluruq. Onun yaxşı olması bizi sevindirir. Yəni, dostumuzu qorumaq dolaylı olaraq bizi sevindirdiyi üçün onu mühafizə etməyə çalışırıq. Uzun sözün qısası, yenə də özümüzü düşünürük. Bunun yanlış olduğunu isə düşünmürəm. Çünki, bütün fəaliyyətlərin altında sevgi (yekunu xoş nəticəyə bağlamaq) yatır. O səbəblə də, ətrafımızda nə qədər sevdiyimiz insanların sayını artırsaq, yaxşılıq edərək xoşbəxt olduğumuz əməllərimizin də sayını o qədər artırmış olarıq. Sevdiklərinizə dəyər verin, onlar sizin xoşbəxt olma səbəblərinizdir.

İlk iki paraqrafı nəticə əsaslı birləşdirsək görərik ki, son 10 ildə informasiya alış-verişindəki sürətlənmə və həyatımıza daxil olan insan sayısındakı artış dost (və ya dəyər verdiyimiz) adlandıra biləcəyimiz insanların sayını artırmamış, əksinə bəzən gərəksiz insanlarla münasibətdə olduğumuzdan dost adlandırdığımız adamlardan da uzaqlaşmaq qərarları almış oluruq. Çünki, bir sıra yeni adamlar tanımağımız və informasiya bolluğu bizi onlar üçün darıxdırmadığından bəzən köhnə tanışlardan uzaqlaşmış, yenilərinə meyillənmişik. Yenilər də bir gün gəldiyi kimi getdiyindən (çünki onlarda da eyni hal yaşanır. Bu hər hal üçün keçərli deyil) həqiqi dəyər biçdiyimiz adamları tapmaqda çətinlik çəkməyə başlayırıq. Nəticədə ikinci paraqrafda bəhs olunan dəyər verdiyimiz birinə yaxşılıq etmək istəyi suya düşmüş olur. Çünki, artıq yaxşılıq edərək xoşbəxt olacağımız adamlar qalmayıb həyatımızda. Onları həyatımızdan biz özümüz çıxarmışıq. Bu o demək deyil ki, artıq yaxşılıq etmirik. Yenə də ola bilsin ki, yeni tanış olduğumuz insanlara yaxşı davranır və fədakarlıqlar edirik. Amma, bu fədakarlıq nəticəsində əldə etdiyimiz daxili rahatlıq, xoşbəxtlik, dəyər biçdiyimiz (uzun müddətdir tanıdığımız və sevdiyimiz) biri üçün etdiyimiz fədakarlıqdan aldığımız faydadan daha az olacaqdır. Eyni zamanda fədakarlıq edib-etməyəcəyimizə tam qərar vermədiyimiz biri üçün etdiyimiz fədakarlıq bizə qısa müddətli xoşbəxtlik gətirəcəkdir. Çünki, bu bizə əslində ürəkdən gələn yaxşılıq etmənin xoşbəxtliyini deyil, təqlid edilmiş yaxşılıq etmənin süni xoşbəxtliyini verəcəkdir. Hansı ki, özümüzü buna məcbur etdiyimiz üçün bir müddət sonra peşman da ola biləcəyik. (nümunə olaraq birinin doğum gününü nisbətən ürəksiz təbrik etməyinizi və ya sevgililər günündə sevmədiyiniz amma, sevgili olduğunuz birinə hədiyyə almağınızı xatırlayın). Bu proses birinci növbədə yaxşılıq etməyi gözümüzdə ucuzlaşdıracaq və əvvəlki həzzi vermədiyi üçün bəlkə də bunu təkrar yaşamağa meyilli olmayacağıq. İkinci növbədə isə, fədakarlıq edərək xoşbəxt olmadığımızdan insan geninin instikdində qalan “orjinal xoşbəxtlik” hissini yaşamamış olacağıq. Yəni, həyatımıza sürətli informasiya daxil olması, aramızda dəyər bağları olmayan yeni insanların ətrafımızda çoxalması,  bizi həm uzun müddətdə yalnızlaşdıraraq, həm də əsl fədakarlıq xoşbəxtliyini vermədiyi üçün ruhdan sala bilər və özümüzə özümüzü dəyərsiz görmə anlamı yükləyə biləcəkdir.

Bəs qarşılıqsız fədakarlıq nədir?

Fədakarlıq bir fürsət kimi dəyərləndirilməli və etmiş olduğumuz xoş əməldə qarşı tərəfə sizə bu fürsəti verdiyi üçün minnətdar olmalısınız. Bir başqa sözlə, etmiş olduğumuz xoş əməldən qarşılıq güdməməli, prosesə fürsət kimi baxmalıyıq. Eyni ilə gözünüzün önündə uşaqlıqda oynadığımız video oyunları canlandıra bilərsiniz. Hansı ki, oyunun müxtəlif mərhələlərində ballar (xal) var və siz mərhələni uğurla tamamladıqca ballar toplayırsınız. Əgər uşaqlıqda bu oyunlardan oynanamış və ya xəyali yaradıcılıq gücünüz yetərli deyilsə və yaxud da film izləməyə vaxtınız varsa o zaman sizə “The Good Place” serialını izləməyi tövsiyə edə bilərəm.

Düşünürəm ki, qarşılıqsız fədakarlıq etmək (əslində heç bir halda qarşılıqsız etmirik. Sadəcə olaraq əvəzini yaxşılıq etdiyimiz birindən gözləmədiyimiz halı nəzərdə tuturam) insan davranışları içində ən ali qərarlardandır. Heç bir qarşılıq güdmədən bizdən fədakarlıq gözləyənləri çətinlikdən qurtarmağa çalışmaq insan ruhunun təmizlənmiş və ali zirvəyə çatmış forması adlandırıla bilər. Düşünün ki, valideyn belə öz övladını qorumağa çalışarkən müəyyən mənada özünü düşünmüş olur (digər hallardan fərqli olaraq valideyin tam olaraq özünü düşünmür. Çünki, ortada bir bağ var ki, o bağ onu qeyri-ixtiyari övladına sahib çıxmaq üçün məcbur edir). Valideyn övlad arasındakı genetik bağlılığı nəzərə almasaq, o belə öz övladını o onun qanını daşıdığı üçün mühafizə etməyə çalışır. Məsələn, övladını itirmiş birinə illər sonra bu sənin övladındır deyib onları tanışdırsaq nə olacağını yəqin ki, hər birimiz bilirik. İlk növbədə genetik analiz ediləcək və həmin şəxs əmin olduqdan sonra onu övladı kimi sevməyə başlayacaq və bu mərhələdən sonra ona fədakarlıqlar etməyə hazır olacaqdır. Çünki, o onun qanını daşıyır. Bu misalı verməkdə məqsədim əslində səbəbsiz fədakarlığın nə qədər ali davranış olduğunu göstərməyə çalışmağımdır. Qarşılıqsız fədakarlıq etmədiyiniz üçün isə özünüzü qınamağa dəyməz. Əsas odur ki, ilk addımı atmağa hazır olaq, əsas odur ki, niyyətimizdə bir başqasına fədakarlıq edərək xoşbəxt olmağımız olsun. Önəmli olan xoş əməllər etməyi təbliğ etmək, səni incidəni incitməməyə çalışmaqdır. (bu haqqınızın tapdanmasına göz yumun anlamına gəlməməlidir) Həyat paylaşdıqca gözəldir, sevgi isə paylaşdıqca artar. İşə özünüzü sevməklə başlayın, çünki özünü sevməyən başqasına xoş rəftar etməyi bacarmaz.


Elgün Oruclu


05 Şubat 2024

Qorxma, mən səninləyəm!

Murphy qanunu olaraq eşitdiyimiz “qanun” son zamanlarda xüsusi ilə sosial mediada haqqında danışılan mövzulardandır. Edward Murphy ABŞ Hava qüvvətlərində xidmət göstərən mühəndis olmuşdur. 20-ci əsrin ortalarında fəal iş həyatında olmuş bu mühəndis müasir dövürdə də dilimizdən düşməyən bir qanun icad etmişdir. “Qorxduğumuz şey başımıza gəlir”.

Bu deyim test mərhələsində bir raketdə pilotlardan birinin mümkünsüzlüyü reallaşdırması ilə ortaya çıxmışdır. Belə ki, hər birində doğru və yanlış olmaqla toplamda 32 seçimi (16 doğru/16 yanlış) olan pilot 16 seçiminin hər birini yanlış seçərək Murpyni dilə gətirməyi bacarmışdır.

Yəqin ki, siz də aşağıda sadalayacağım bəzi hadisələri müşahidə etmisiniz.

Nə zaman avtomobilinizi yusanız yağış yağır. Tıxacda olduğunuz avtomobilin tutduğu zolaq adətən yan zolaqdan daha yavaş hərəkət edir. Ləzzət aldığımız şeylərin əksəriyyəti qanunsuz ya da zərərlidir. Yanlışlıqla zəng etdiyiniz nömrə heç bir zaman məşğul olmayacaq. Duş qəbul etməyə girdiyiniz zaman telefonunuz zəng çalar. Ən xoşladığınız paltar böyük ehtimalla sizin ölçünüzdə deyil. Diş ağrısı gecə və ya istirahət günlərində başlayar. Keyfiyyətsiz şeylər daha çox maraq görür. İnsanlar onlara daha çox dəyər verənləri sevməzlər. Bir insanın qəlbini almağa çalışarkən ondan daha da uzaqlaşarıq. Avtmobili satışa qoyduğunuz ərəfədə onunla qəza keçirərsiniz.

Yəqin ki, siz də günlük həyatınızda düşündüyünüz bir şeyin qarşınıza təsadüflə çıxdığını müşahidə etmisiniz. Düşündüyünüz şey əgər düşünülmə gücü qazanıbsa, demək ki, sizin üçün vacibiyyət daşıyır. Eyni zamanda yəqin ki, “anı yaşa”, “özünə dəyər ver”, “ətrafdakıları dinləmə, əsas sən özünsən” kimi kəlimələrlə siz də tanışsınız.  Bəs, bu anı yaşa nə deməkdir? Yəni, hazırda olanlarla bağlı ciddi qayğı yükləmə və bu xoş hadisədirsə ləzzətini çıxar, xoşagəlməz vəziyyətdirsə həll yolu tapmağa çalış. Hər ikisində isə, hisslərə bacardıqca minimal səviyyədə anlam yükləmək gərəklidir. Çünki, insan olaraq bizim nəticələrə müdaxilə etmək gücümüz, bəzən isə icazəmiz yoxdur. Vergüldən sonrakı cümləni-yəni icazəmiz yoxdur hissəni açıqlasaq deyə bilərik ki, bəzən bizi idarəedən qüvvə bizə onu əldə etmək üçün icazə verməz. Biz isə, o şeyi israrla almağa çalışdıqda bizi idarəedən (bizə qulluq edən enerji, qüvvə və bəlkə də yaradan) onu bizə bizi idarəetməyəcəyi tərzdə verər. Yəni, bir başqa sözlə “mən onu sənə verməsəm də, sən çox istədin. Al, get özün bilərsən” deyərək verəcəkdir. Bəs, bu çox istədiyimiz şey nədir o zaman? Bu israrla istədiyimiz şey, elə əldə etməyəcəyimiz halda məyus olacağımızdan qorxduğumuz şeydir. Fikir verəsək hər iki halda qorxduğumuz şeyin başımıza gəlmə ehtimalı yüksəkdir. Bizi idarəedən qüvvə onu bizə vermək istəməyəndə (ya zamanı deyil, ya da məsləhət deyil) və israrla onu ondan almaq üçün çalışdığımızda. Məsələn, deyək ki, siz işinizdə uğursuz olmaqdan və işsiz qalmaqdan qorxursunuz. Bütün günü bununla bağlı qayğılandığınız zaman rasyonal halda qəbul etməli olduğunuz qərarlardan fərqli davranacaqsınız. Bir başqa sözlə, prosesin nəticəsinə təsir etmək üçün qabaqlayıcı tədbirlərə əl atacaqsınız. Məsələn, işdə özünüzü gözə soxmağa, müdirə yaxın olmağa, kollektivçilikdən çox fərdi mənfəətiniz üçün çalışmağa, verilmiş bütün qərarlarda sizin mənfinizə hansısa bir maddənin olub-olmamasına diqqət yükləyəcəksiniz. Bu həddən artıq qayğılanma sizi olmalı olduğunuz (yuxarıda dediyimiz anı yaşamaq) nöqtədən uzaqlaşdıracaq və işdəki ana fəaliyyətinizdən çox, gərəksiz şeylərə fokuslandığınız üçün cəzalandırılacaqsınız. Yəni, bizi idarəedən qüvvənin ərazisinə girdiyimiz üçün (nəticəni dəyişmək istəyi) çox keçmədən özümüzü onsuzlaşdıracağıq. Digər deyimlə, “qoy nəticəni mən özüm dəyişəcəm” dediyimiz üçün bütün olacaqlar onun himayəsi olmadan bizə ötürüləcəkdir. Hazırki dünyada kifayət qədər ətraf təsirlər, müdaxilələr olduğu üçün də, insan olaraq təbii ki, tamamı ilə bizə ötürülmüş bu gedişatı idarəetməkdə gücsüz qalaraq qorxduğumuz şeyi yaşamaq ehtimalını artıracağıq. Çünki, əsas foksumuz ədalətli işləmək deyil, ədalətli işlədiyimizi göstərmək mübarizəsi olduğu üçün və bu mübarizədə özümüzü tək qoyduğumuz üçün Murphy qanunu gerçəkləşmiş olacaqdır. Sən işdən qovuldun!

Qorxduğumuz hadisənin reallaşma ehtimalını artıran digər bir nüans isə, onu artıq qəbul etməyimizdir. Yəni, qorxduğumuz şey ciddi qəbul etdiyimiz (reallaşacağına ciddi anlam yüklədiyimiz üçün beynimizdə bütün gün var-gəl edir) şey olduğundan bir növ onu qəbul etmiş oluruq. Yəni, bir başqa deyimlə desək, şüuraltımız bizə inandıqlarımızı reallaşdırmaqda köməklik göstərmək baxımından mahirdir. Biz qorxduqlarımızı şüuraltımıza yerləşdirməklə bəzən də onun reallaşma əmrini vermiş oluruq.

Bəs qorxduğumuz şeyin başımıza gəlməməsi üçün necə edilməlidir? Bu mənim şəxsi bloqum olduğundan fikirlərim də şəxsi düşüncələrimə dayanır və mütləq belədir mövqeyindən çıxış etmirəm.

Yuxarıda bəhs etdiklərim və aşağıda yazdıqlarım hər biri bizi idarəedən bir qüvvənin (Allah, yaradan, enerji v.s) olduğuna inandığımız halda keçərlidir.

Bəs qorxduğumuz şeyin başımıza gəlməməsi üçün necə edilməlidir?

1.      Niyyətləndiyimiz şey xoş niyyətli olmalı və ya ən azından pis niyyət daşımamalıdır. Başqasına zərər verəcək xüsusiyyətdə heç olmamalıdır. Çünki, başqaları üçün də yaradan var və onun da iadrəedən qüvvə mövcuddur. Yanlış niyyətinizin sizi idarəedən qüvvə tərəfindən qəbul edilməməsi olduqca normaldır. Bir neçə dəfə təkrar yoxladığınız halda reallaşmırsa mütləq mesajı qəbul edin və niyyətinizi düzəldin. Əgər düzəltmədiyiniz halda, bu israrlı istək anlamına gələcək və bu dəfə isə, sizi idarəedən qüvvə yuxarıda bəhs etdiyimiz kimi sizə o şeyi sizi yanlışlardan mühafizə etməyərək verəcəkdir. Yəni, yanlış və israrl niyyətinizin cəzasını çəkəcəksiniz.

2.    
 
Səbr edin. Səbr etmək mütləq ki, sizə yanlış yolda olduğunuzu və ya doğru yolda olduğunuz üçün istədiyinizin qəbul olunmasını göstərəcəkdir. Məsələn, yəqin ki, tıxacda avtomobil idarə etdikdə davamlı zolaq dəyişdirərkən tərketdiyiniz zolağın daha sürətlə hərəkət etdiyini müşahidə etmisiniz. Unutmayaq ki, davamlı olaraq zolaq dəyişdirməklə siz başqalarının zamanını, növbəsini almış olursunuz. Mesajı qəbul edin və səbrli olun.!

3.   Ona tapşırıq. Gəldik müasir dövrümüzün ən sevimli deyimlərindən digərinə. “İstə və kainata göndər”. Bu deyim əslində yuxarıda bəhs etdiyimiz məsələləri dəstəkləyən xüsusiyyətdədir. Bir başqa sözlə, bir şeyin gerçəkləşməsi üçün inanmaq və üzərimizə düşəni qədər mübarizə apardıqdan sonra (ifrata qaçmamaq şərti ilə) onu bizi idarəedən qüvvəyə (bu dəfə kainat olsun)  ötürmək yetərli olacaqdır. Əgər biz onun kainata ötürməyib, reallaşdırmaq üçün israrlı cəhdlər göstərsək, bu dəfə demək ki, biz onun əksinin gerçəkləşməsindən əndişələnirik. Bu əndişələnmə isə bizi anı yaşamaqdan uzaqlaşdıracaq, nəticəyə müdaxilə etmək üçün israrlı davranışlar göstərməyə məcbur edəcək, bəzi nöqtələrdə bəlkə də xoş olmayan niyyətlərə kökləyəcək və bizi idarəedən kainatdan qoparacaqdır. Yəni,  nəticəyə müdaxilə etmək istədiyimiz üçün müdafiəsiz qalacaqğıq, qorxduğumuz şeyin gerçəkləşmə ehtimalı yüksələcəkdir. Çünki, həm bizi idarəedən qüvvə artıq bizi müdafiə etmir və biz bu şeyi beynimizdə davamlı düşündüyümüz üçün onun gerçəkləşməmə qorxusuna da şüuraltımızı inandırmış oluruq. Sən bu dəfə də işdən qovuldun.

4.  Layiq olduğunu istə və ya istədiyinə layiq olmağa çalış. Qorxduğumuz şeyin başımıza gəlmə səbəblərindən bir digəri isə, istədiyimiz şeyi əldə edəcəyimizə qəlbdən inanmamağımızdır. Bu əsasən öz güvənin az olmasından, istədiyimiz şeyin bizim istəyimiz deyil, kənar təsirdən doğmasından və bənzər səbəblərdən ortaya çıxa bilər. Məsələn, müasir dövrdə sosial media ilə insanlar biri-biri ilə fərqli nöqtələrdə rəqabət aparırlar. Xüsusi ilə sosial media fenomeni olaraq daha asan pul qazanmaq eşqinə düşənlər az deyil. Bu qabiliyyət bir çoxunda var ikən, bir sıra şəxslər isə özünü onlara bənzədərək həmin yolu getməyə çalışır. Nəticə isə gözlənilənin tam tərsi, yəni uğursuzluq, ardınca isə ruh düşkünlüyü yaşanır. Bu səbəblə ilk öncə dəyərlərimizi və hansı istiqamətdə güclü olduğumuzu müəyyən etməli və ya olmaq istədiyimiz nöqtədəki nöqsanlarımızı taparaq onu gücləndirməliyik. Bu halda o şeyin gerçəkləşəcəyinə daxilən (şüuraltı olaraq da) inamımız artacaq və onu əldə etməyəcəyimizlə bağlı əndişələrimiz azalacaqdır. Yekunda o şeyin gerçəkləşməməsi üçün əndişələnmədiyimizdən Murphy qanunu işləməyəcəkdir.

Son olaraq onu bildirməkdə fayda var ki, Murphy qanunu bizim süuraltımız, inancımız, istədiyimiz şeyə hazırlıq dərəcəmiz, o şeyi nə qədər istədiyimiz və niyyətimiz kimi məsələlərdən aslı olaraq işləyir. Əslində yuxarıda haqqında danışılanlara baxaraq və istəklərimizi doğru zaman üçün hazırladıqda onun həyata keçmə reallığını artırmış olarıq.

Elgün Oruclu

 
biz.