Murphy qanunu olaraq eşitdiyimiz “qanun” son zamanlarda xüsusi ilə sosial mediada haqqında danışılan mövzulardandır. Edward Murphy ABŞ Hava qüvvətlərində xidmət göstərən mühəndis olmuşdur. 20-ci əsrin ortalarında fəal iş həyatında olmuş bu mühəndis müasir dövürdə də dilimizdən düşməyən bir qanun icad etmişdir. “Qorxduğumuz şey başımıza gəlir”.
Bu deyim test mərhələsində bir raketdə
pilotlardan birinin mümkünsüzlüyü reallaşdırması ilə ortaya çıxmışdır. Belə ki,
hər birində doğru və yanlış olmaqla toplamda 32 seçimi (16 doğru/16 yanlış) olan
pilot 16 seçiminin hər birini yanlış seçərək Murpyni dilə gətirməyi
bacarmışdır.
Yəqin ki, siz də aşağıda sadalayacağım bəzi
hadisələri müşahidə etmisiniz.
Nə zaman avtomobilinizi yusanız yağış yağır.
Tıxacda olduğunuz avtomobilin tutduğu zolaq adətən yan zolaqdan daha yavaş hərəkət
edir. Ləzzət aldığımız şeylərin əksəriyyəti qanunsuz ya da zərərlidir.
Yanlışlıqla zəng etdiyiniz nömrə heç bir zaman məşğul olmayacaq. Duş qəbul etməyə
girdiyiniz zaman telefonunuz zəng çalar. Ən xoşladığınız paltar böyük ehtimalla
sizin ölçünüzdə deyil. Diş ağrısı gecə və ya istirahət günlərində başlayar. Keyfiyyətsiz
şeylər daha çox maraq görür. İnsanlar onlara daha çox dəyər verənləri sevməzlər.
Bir insanın qəlbini almağa çalışarkən ondan daha da uzaqlaşarıq. Avtmobili satışa
qoyduğunuz ərəfədə onunla qəza keçirərsiniz.
Yəqin ki, siz də günlük həyatınızda
düşündüyünüz bir şeyin qarşınıza təsadüflə çıxdığını müşahidə etmisiniz.
Düşündüyünüz şey əgər düşünülmə gücü qazanıbsa, demək ki, sizin üçün vacibiyyət
daşıyır. Eyni zamanda yəqin ki, “anı yaşa”, “özünə dəyər ver”, “ətrafdakıları
dinləmə, əsas sən özünsən” kimi kəlimələrlə siz də tanışsınız. Bəs, bu anı yaşa nə deməkdir? Yəni, hazırda
olanlarla bağlı ciddi qayğı yükləmə və bu xoş hadisədirsə ləzzətini çıxar,
xoşagəlməz vəziyyətdirsə həll yolu tapmağa çalış. Hər ikisində isə, hisslərə
bacardıqca minimal səviyyədə anlam yükləmək gərəklidir. Çünki, insan olaraq
bizim nəticələrə müdaxilə etmək gücümüz, bəzən isə icazəmiz yoxdur. Vergüldən
sonrakı cümləni-yəni icazəmiz yoxdur hissəni açıqlasaq deyə bilərik ki, bəzən
bizi idarəedən qüvvə bizə onu əldə etmək üçün icazə verməz. Biz isə, o şeyi
israrla almağa çalışdıqda bizi idarəedən (bizə qulluq edən enerji, qüvvə və bəlkə
də yaradan) onu bizə bizi idarəetməyəcəyi tərzdə verər. Yəni, bir başqa sözlə “mən
onu sənə verməsəm də, sən çox istədin. Al, get özün bilərsən” deyərək verəcəkdir.
Bəs, bu çox istədiyimiz şey nədir o zaman? Bu israrla istədiyimiz şey, elə əldə
etməyəcəyimiz halda məyus olacağımızdan qorxduğumuz şeydir. Fikir verəsək hər iki
halda qorxduğumuz şeyin başımıza gəlmə ehtimalı yüksəkdir. Bizi idarəedən qüvvə
onu bizə vermək istəməyəndə (ya zamanı deyil, ya da məsləhət deyil) və israrla
onu ondan almaq üçün çalışdığımızda. Məsələn, deyək ki, siz işinizdə uğursuz
olmaqdan və işsiz qalmaqdan qorxursunuz. Bütün günü bununla bağlı
qayğılandığınız zaman rasyonal halda qəbul etməli olduğunuz qərarlardan fərqli
davranacaqsınız. Bir başqa sözlə, prosesin nəticəsinə təsir etmək üçün
qabaqlayıcı tədbirlərə əl atacaqsınız. Məsələn, işdə özünüzü gözə soxmağa,
müdirə yaxın olmağa, kollektivçilikdən çox fərdi mənfəətiniz üçün çalışmağa,
verilmiş bütün qərarlarda sizin mənfinizə hansısa bir maddənin olub-olmamasına diqqət
yükləyəcəksiniz. Bu həddən artıq qayğılanma sizi olmalı olduğunuz (yuxarıda
dediyimiz anı yaşamaq) nöqtədən uzaqlaşdıracaq və işdəki ana fəaliyyətinizdən
çox, gərəksiz şeylərə fokuslandığınız üçün cəzalandırılacaqsınız. Yəni, bizi
idarəedən qüvvənin ərazisinə girdiyimiz üçün (nəticəni dəyişmək istəyi) çox
keçmədən özümüzü onsuzlaşdıracağıq. Digər deyimlə, “qoy nəticəni mən özüm dəyişəcəm”
dediyimiz üçün bütün olacaqlar onun himayəsi olmadan bizə ötürüləcəkdir.
Hazırki dünyada kifayət qədər ətraf təsirlər, müdaxilələr olduğu üçün də, insan
olaraq təbii ki, tamamı ilə bizə ötürülmüş bu gedişatı idarəetməkdə gücsüz
qalaraq qorxduğumuz şeyi yaşamaq ehtimalını artıracağıq. Çünki, əsas foksumuz ədalətli
işləmək deyil, ədalətli işlədiyimizi göstərmək mübarizəsi olduğu üçün və bu
mübarizədə özümüzü tək qoyduğumuz üçün Murphy qanunu gerçəkləşmiş olacaqdır. Sən
işdən qovuldun!

Qorxduğumuz hadisənin reallaşma ehtimalını
artıran digər bir nüans isə, onu artıq qəbul etməyimizdir. Yəni, qorxduğumuz
şey ciddi qəbul etdiyimiz (reallaşacağına ciddi anlam yüklədiyimiz üçün
beynimizdə bütün gün var-gəl edir) şey olduğundan bir növ onu qəbul etmiş
oluruq. Yəni, bir başqa deyimlə desək, şüuraltımız bizə inandıqlarımızı
reallaşdırmaqda köməklik göstərmək baxımından mahirdir. Biz qorxduqlarımızı şüuraltımıza
yerləşdirməklə bəzən də onun reallaşma əmrini vermiş oluruq.
Bəs qorxduğumuz şeyin başımıza gəlməməsi
üçün necə edilməlidir? Bu mənim şəxsi bloqum olduğundan fikirlərim də şəxsi
düşüncələrimə dayanır və mütləq belədir mövqeyindən çıxış etmirəm.
Yuxarıda bəhs etdiklərim və aşağıda
yazdıqlarım hər biri bizi idarəedən bir qüvvənin (Allah, yaradan, enerji v.s)
olduğuna inandığımız halda keçərlidir.
Bəs qorxduğumuz şeyin başımıza gəlməməsi
üçün necə edilməlidir?
1. Niyyətləndiyimiz şey xoş niyyətli olmalı və ya ən azından pis niyyət
daşımamalıdır. Başqasına zərər verəcək xüsusiyyətdə heç olmamalıdır. Çünki, başqaları
üçün də yaradan var və onun da iadrəedən qüvvə mövcuddur. Yanlış niyyətinizin
sizi idarəedən qüvvə tərəfindən qəbul edilməməsi olduqca normaldır. Bir neçə dəfə
təkrar yoxladığınız halda reallaşmırsa mütləq mesajı qəbul edin və niyyətinizi
düzəldin. Əgər düzəltmədiyiniz halda, bu israrlı istək anlamına gələcək və bu dəfə
isə, sizi idarəedən qüvvə yuxarıda bəhs etdiyimiz kimi sizə o şeyi sizi
yanlışlardan mühafizə etməyərək verəcəkdir. Yəni, yanlış və israrl niyyətinizin
cəzasını çəkəcəksiniz.
2.
Səbr edin. Səbr etmək mütləq ki, sizə yanlış yolda olduğunuzu və ya
doğru yolda olduğunuz üçün istədiyinizin qəbul olunmasını göstərəcəkdir. Məsələn,
yəqin ki, tıxacda avtomobil idarə etdikdə davamlı zolaq dəyişdirərkən tərketdiyiniz
zolağın daha sürətlə hərəkət etdiyini müşahidə etmisiniz. Unutmayaq ki, davamlı
olaraq zolaq dəyişdirməklə siz başqalarının zamanını, növbəsini almış
olursunuz. Mesajı qəbul edin və səbrli olun.!
3. Ona tapşırıq. Gəldik müasir dövrümüzün ən sevimli deyimlərindən digərinə.
“İstə və kainata göndər”. Bu deyim əslində yuxarıda bəhs etdiyimiz məsələləri dəstəkləyən
xüsusiyyətdədir. Bir başqa sözlə, bir şeyin gerçəkləşməsi üçün inanmaq və üzərimizə
düşəni qədər mübarizə apardıqdan sonra (ifrata qaçmamaq şərti ilə) onu bizi
idarəedən qüvvəyə (bu dəfə kainat olsun) ötürmək yetərli olacaqdır. Əgər biz onun kainata
ötürməyib, reallaşdırmaq üçün israrlı cəhdlər göstərsək, bu dəfə demək ki, biz
onun əksinin gerçəkləşməsindən əndişələnirik. Bu əndişələnmə isə bizi anı
yaşamaqdan uzaqlaşdıracaq, nəticəyə müdaxilə etmək üçün israrlı davranışlar
göstərməyə məcbur edəcək, bəzi nöqtələrdə bəlkə də xoş olmayan niyyətlərə kökləyəcək
və bizi idarəedən kainatdan qoparacaqdır. Yəni,
nəticəyə müdaxilə etmək istədiyimiz üçün müdafiəsiz qalacaqğıq,
qorxduğumuz şeyin gerçəkləşmə ehtimalı yüksələcəkdir. Çünki, həm bizi idarəedən
qüvvə artıq bizi müdafiə etmir və biz bu şeyi beynimizdə davamlı düşündüyümüz
üçün onun gerçəkləşməmə qorxusuna da şüuraltımızı inandırmış oluruq. Sən bu dəfə
də işdən qovuldun.
4. Layiq olduğunu istə və ya istədiyinə layiq olmağa çalış. Qorxduğumuz
şeyin başımıza gəlmə səbəblərindən bir digəri isə, istədiyimiz şeyi əldə edəcəyimizə
qəlbdən inanmamağımızdır. Bu əsasən öz güvənin az olmasından, istədiyimiz şeyin
bizim istəyimiz deyil, kənar təsirdən doğmasından və bənzər səbəblərdən ortaya
çıxa bilər. Məsələn, müasir dövrdə sosial media ilə insanlar biri-biri ilə fərqli
nöqtələrdə rəqabət aparırlar. Xüsusi ilə sosial media fenomeni olaraq daha asan
pul qazanmaq eşqinə düşənlər az deyil. Bu qabiliyyət bir çoxunda var ikən, bir
sıra şəxslər isə özünü onlara bənzədərək həmin yolu getməyə çalışır. Nəticə isə
gözlənilənin tam tərsi, yəni uğursuzluq, ardınca isə ruh düşkünlüyü yaşanır. Bu
səbəblə ilk öncə dəyərlərimizi və hansı istiqamətdə güclü olduğumuzu müəyyən
etməli və ya olmaq istədiyimiz nöqtədəki nöqsanlarımızı taparaq onu gücləndirməliyik.
Bu halda o şeyin gerçəkləşəcəyinə daxilən (şüuraltı olaraq da) inamımız artacaq
və onu əldə etməyəcəyimizlə bağlı əndişələrimiz azalacaqdır. Yekunda o şeyin gerçəkləşməməsi
üçün əndişələnmədiyimizdən Murphy qanunu işləməyəcəkdir.
Son olaraq onu bildirməkdə fayda var ki,
Murphy qanunu bizim süuraltımız, inancımız, istədiyimiz şeyə hazırlıq dərəcəmiz,
o şeyi nə qədər istədiyimiz və niyyətimiz kimi məsələlərdən aslı olaraq işləyir.
Əslində yuxarıda haqqında danışılanlara baxaraq və istəklərimizi doğru zaman
üçün hazırladıqda onun həyata keçmə reallığını artırmış olarıq.
Elgün Oruclu